Andrey Filatov: “Rusiyalı şahmatçılar Olimpiadanın hər bir matçında var qüvvə ilə oynayacaqlar”
Rusiya Şahmat Federasiyasının prezidenti, Rusiyanın kişilərdən ibarət yığma komandasının baş məşqçisi Andrey Filatov bildirib ki, Rusiyanın kişilərdən ibarət yığma komandası Dünya Şahmat Olimpiadasında öz qarşısına maksimal vəzifələr qoyur və hər bir matçda var qüvvə ilə oynamaq əzmindədir.

2002-ci ildən bəri olimpiadalarda qalib gələ bilməmiş, bundan əvvəlki turnirdə (2014-cü ildə) dördüncü yeri tutmuş Rusiya yığmasının heyətində Vladimir Kramnik, Sergey Karyagin, Aleksandr Qrişşuk, Yevgeni Tomaşevski və Yan Nepomnyaşşi çıxış edəcəklər.

Filatov telefonla verdiyi müsahibədə deyib: “Biz Olimpiadada yalnız qalib gəlmək əzmindəyik və opponentlərimiz üçün sürprizlər hazırlamışıq. Lakin Olimpiadada qalib gəlmək üçün neçə görüşdə udmalı olduğumuzu deyə bilmərik, biz hər bir matçda var gücümüzlə oynayacağıq. Oyunçuların lövhələr üzrə paylanmasına dair qərar qəbul etmişik, lakin bunu son dəqiqədə elan edəcəyik. Komandanın hazırlıq səviyyəsindən razıyammı? Mən yalnız o vaxt razı ola bilərəm ki, nəticə olsun, onda hazırlığımızın nə dərəcədə səmərəli olduğunu qiymətləndirmək mümkün olacaq. Hələlik onu deyə bilərəm ki, bütün şahmatçılar sağ-salamatdır və xarici görkəmləri pis deyil”.

Agentliyin müsahibi qeyd edib ki, turnirdə rəqabət çox güclü olacaq.

Rusiya Şahmat Federasiyasının rəhbəri deyib: “ABŞ yığması hazırda reytinqə görə birinci yerdədir. Bu, ən güclü yığmadır. Çinli dostlarımız 2014-cü ilin olimpiya çempionlarıdır. Fransa komandası çox güclüdür. Azərbaycan yığması da yaxşı və parlaq komandadır. Ümumiyyətlə, bütün yığmalar çox güclüdür. Norveç yığması hər cür sürpriz edə bilər. Bütün komandaların qalib gəlmək şansları yaxşıdır və mən zəif yığma görmürəm. Komandaların hər biri digər komandaların hər hansı birinə qalib gələ bilər.

Filatov deyib: “Amerikalılar çox aqressiv əhvaldadır, onlar yalnız qalib gəlmək əzmindədirlər. Harri Kasparovun komandanın kapitanı kimi öz vətəni Bakıya gəlib-gəlməyəcəyi əsas intriqa mövzusudur. Belə bir məlumat yayılmışdı ki, Kasparov Olimpiada ərəfəsində ABŞ yığmasını hazırlaşdırıb və şahmatçılarla məşq partiyaları oynayıb. Onun səhnə arxasında qalıb-qalmayacağı məlum deyil”.

Bakıda Şahmat Olimpiadası sentyabrın 1-dən 14-dək keçiriləcək. Birinci turun oyunları sentyabrın 2-nə təyin edilib.

Xəbər 600 dəfə oxundu.