XV Yay Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları ilə görüş keçirilib
Avqustun 30-da XV Yay Paralimpiya Oyunlarına yollanan Azərbaycan idmançıları ilə görüş keçirilib.

Görüşdən əvvəl idmançılar və Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) rəsmiləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra Şəhidlər xiyabanına gələn idmançılarımız Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüblər.

İdmançılarla görüşdə çıxış edən AMPK-nin prezidenti İlqar Rəhimov atletlərimizin XXXI Yay Olimpiya Oyunlarında qazandıqları uğurları paralimpiyaçıların davam etdirəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.

Paralimpiyaçıların yüksək səviyyədə hazırlıq keçdiklərini vurğulayan İ.Rəhimov deyib: “London-2012 başa çatdıqdan sonra biz yeni proqram üzrə hazırlığa start verdik. İdmançılarımız üçün hər cür şərait yaradıldı. Hazırlıqlara təlim-məşq toplanışları, beynəlxalq yarışlarda çıxışlar, maddi-texniki bazanın genişləndirilməsi və digər məsələlər daxil idi. Bu işlərin hamısı yüksək səviyyədə görüldü. Bu baxımdan komitənin bütün əməkdaşlarına, məşqçilərə və idmançılara təşəkkür edirəm. İdmançılarımız Rioya qələbə üçün gedirlər”.

Ölkə idmanına, o cümlədən paralimpiyaçılara göstərdiyi diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən İ.Rəhimov deyib: “Komandamız sentyabrın 2-də yola düşür. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycanın bayrağı qaldırılacaq. İki gün sonra isə yarışın açılış mərasimi olacaq. Kapitanımız, bayraqdarımız İlham Zəkiyevdir. Onunla açılış mərasimi üçün sürpriz hazırlamışıq. Gec saatlarda da olsa, baxıb sürprizi görməyinizi istərdim. Rio-de-Janeyroya 27 idmançı yola düşəcək. Onların altısı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmlər “London-2012” ilə müqayisədə 6 idmançı və 8 lisenziya artıqdır. Heyətimiz daha çox gənclərdən ibarətdir”.

Sonra komitə prezidenti Minskdə keçirilmiş festivalda paraşütdən tullanan qadın paralimpiyaçılara mükafatlar təqdim edib.

Sonda paralimpiyaçılarla bağlı hazırlanmış “Biz qələbə üçün gedirik” adlı videoçarx nümayiş etdirilib.

XV Yay Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.

Xəbər 1288 dəfə oxundu.