“Qəbələ” komandası təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq | |
“Qəbələ” futbol klubunun Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıq planı açıqlanıb. UEFA Avropa Liqasının pley-off mərhələsində “Maribor” ilə (Sloveniya) avqustun 25-də səfər oyunundan (0:1) sonra istirahətə buraxılan futbolçular avqustun 31-də bir araya gələcəklər. Komanda həmin gün təlim-məşq toplanışı üçün Ukraynaya yollanacaq. Odessa şəhərində hazırlıq keçəcək “Qəbələ” sentyabrın 7-dək bu ölkədə qalacaq. Roman Qriqorçukun komandası hazırlıq prosesində bir yoxlama oyunu keçirəcək. Sentyabrın dördündə nəzərdə tutulan görüşdəki rəqib hələ dəqiqləşməyib. “Qəbələ” təlim-məşq toplanışını tam heyətlə keçirməyəcək. Milli komandaların heyətində yer alan futbolçular – Sergey Zenyov Estoniya, Nika Kvekveskiri Gürcüstan, Teo Uiks Liberiya yığmasının düşərgəsində olduğu üçün hazırlıqlarda iştirak edə bilməyəcəklər. Azərbaycan millisinin heyətində olan Məhəmməd Mirzəbəyov, həmçinin U-21 yığmasının toplanışına qatılan Elvin Camalov və Sadiq Quliyev də toplanışda olmayacaqlar. “Qəbələ” yığma komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 10-da keçirəcək. Komanda Topaz Premyer Liqasının dördüncü turunda səfərdə “Neftçi”nin qonağı olacaq. |
|
Xəbər 788 dəfə oxundu. |
|
|