MY Yay Futbol Məktəbinə növbəti seçim başladı
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Mançester Yunayted dördüncü Yay Futbol Məktəbinə seçimlərin başlandığını elan edib.

Seçim turları 29-31 avqust tarixlərində, Bakı şəhərində, Bayıl Arena stadionunda keçiriləcək.

AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 gənc istedad 5-9 sentyabr tarixlərində Bakıdakı Bayıl stadionunda “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışlarında iştirak edəcək. Təlim-məşq toplanışları zamanı uşaqlar texniki bacarıqlarını göstərməklə yanaşı, eyni zamanda “Mançester Yunayted” klubunun təcrübəsindən yararlanaraq futbol üzrə bilik və bacarıqlarını artıracaqlar.

Bakıda fəaliyyət göstərən “Mançester Yunayted Futbol Məktəbi”nin məşqçiləri tərəfindən keçiriləcək seçimlərdə hansı klubun üzvü olmasından asılı olmayaraq 2005-2006-cı il və 2007-2008-ci il təvəllüdlü istənilən gənc istedad iştirak edə bilər. Bu seçim turlarında əsas üstünlük uşaqların texniki bacarıqlarına verilir. Heç bir ödəniş olunmadan keçirilən seçim prosesində iştirak etmək üçün uşaqlar doğum haqqında şəhadətnamənin əslini və tibbi arayış təqdim etməlidirlər.

Mançester Yunayted yay məktəbinin seçim turlarının tarixləri aşağıdakı kimidir:
29 avqust. Saat 09:00-15:00 – 9-10 (2007-2008-ci il təvəllüdlü) yaş qrupu üçün seçim
30 avqust. Saat 09:00-15:00 – 11-12 (2005-2006-cı il təvəllüdlü) yaş qrupu üçün seçim
31 avqust. 09:00-15:00 – Hər iki yaş qrupundan seçilmiş 32 nəfərdən 16 nəfər seçiləcək və “Mançester Yundayted Yay Məktəbi”nə dəvət alacaqlar
5-9 sentyabr. “Mançester Yunayted Yay Futbol Məktəbi”

“Mançester Yunayted Yay Futbol Məktəbi”nə seçilən uşaqlar idman paltarı ilə təmin ediləcəklər. Təlim-məşq toplanışının bütün iştirakçılarına Mançester klubu tərəfindən xüsusi sertifikat təqdim olunacaq. Təlim zamanı ən yaxşı nəticələr nümayiş etdirən 5 məzun Mançesterə 4 günlük səfər edəcək, “Mançester Yunayted” klubu ilə tanış olacaq və klubun oyununu izləmək imkanı əldə edəcək.

Xəbər 817 dəfə oxundu.