Olimpiadada 9 medal qazanmış güləşçilər Vətənə qayıdıb
Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları avqustun 23-də Vətənə qayıdıblar.

“Rio-2016” Olimpiya Oyunlarında Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmış olimpiyaçıları Heydər Əliyev Beynəlxalq Aeroportunda onların ailə üzvləri, idman ictimaiyyətinin nümayəndələri, paytaxt sakinləri böyük təntənə ilə, gül-çiçəklə qarşılayıblar.

Sonra Olimpiya millisinin üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. İdmançılarımız maşın karvanı ilə hava limanından birbaşa Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, müasir müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsinə daim böyük qayğı göstərmiş Ulu Öndərin xatirəsini ehtiramla anıb, abidəsi önünə əklil və gül dəstələri qoyublar.

XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanıblar. Bu medallardan 9-u - 3 gümüş və 6 bürünc medal güləş yığmalarımızın payına düşür. Sərbəst güləşçilərimizdən Toğrul Əsgərov, Xetaq Qazyumov, qadın güləşçimiz Mariya Stadnik yalnız final görüşlərində uduzaraq gümüş medala sahib olublar. Rəsul Çunayev, Sabah Şəriəti, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov və Şərif Şərifov Olimpiya Oyunlarının bürünc medalını qazanıblar.

Xəbər 757 dəfə oxundu.