Mato Stankoviç: Ukrayna komandası Azərbaycan futzalçılarına kömək edib
“Hesab edirik ki, ukraynalılar düzgün oyun prinsiplərinə etinasız yanaşdılar. Bu isə Azərbaycan yığmasının dünya çempionatının pley-off mərhələsinə düşməsinə imkan verdi”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu fikri Xorvatiyanın futzal yığmasının baş məşqçisi Mato Stankoviç deyib.

Ötən ilin dekabrında Bakıda keçirilən dünya çempionatının seçmə oyunlarının iştirakçısı olan Xorvatiya üçüncü yerin sahibi kimi qrupda qaldı. Nəticədə ilk 2 yeri tutan Ukrayna və Azərbaycan yığmaları pley-off mərhələsinə yüksəldilər. Xorvatlar təşkil etdikləri Avropa çempionatının 1/4 finalında Ukrayna ilə matçdan öncə rəqibin oyunçularını əllərini sıxmaqdan imtina etdilər.

Stankoviç bəyan edib ki, yığmamızın 4:2 hesabı ilə qalib gəldiyi oyunun nəticəsi danışılmış olub: “Bizim oyunçular matçın nəticəsini gözləmədən zalı tərk edirdilər. Çünki Azərbaycan yığmasının lazım olduğu qədər qol vuracağına əmin idi. Bu oyunun YouTube-dakı klipləri Xorvatiyada hit oldu. Biz zalı tərk edən zamanı bəzi azərbaycanlı azarkeşlər bizdən üzrxahlıq etdilər”.

Məşqçinin sözünə görə, dekabrın 18-də keçirilən Ukrayna – Azərbaycan oyunu ilə bağlı UEFA-dan müsbət cavab ala bilməyiblər: “Təəssüf ki, Bakıdakı həmin “məşhur” matçın videoyazısını bizə vermədilər. Ona görə rəsmi şikayət edə bilmirik”.
Qeyd edək ki, yığmamız bu ilin sonunda Tailandda keçiriləcək dünya çempionatının final mərhələsinə çıxmaq üçün Rusiya millisi ilə 2 oyunluq dueldən qalib ayrılmalıdır.

Xəbər 998 dəfə oxundu.