«Mançester Siti» Tevesi bağışladı
Argentinalı Karlos Teves İngiltərənin «Mançester Siti» futbol klubunun rəhbərliyindən üzr istəyib. İdman.com.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hücumçu ötən ilin sentyabrından «şəhərlilər»in formasını geyinməyib. Sentyabrın 27-də o, Münxen «Bavariya»sı ilə Çempionlar Liqasının oyununua çıxmaqdan imtina etmiş və buna görə 4-həftəlik məvacibinə uyğun olan cəriməyə məruz qalmışdı. Klub rəhbərliyi ilə münaqişədə olduğu müddətdə Teves 17 milyon dollar itirib.

«Bu hərəkətimlə ziyan vurduğum və təhqir etdiyim hər kəsdən tam səmimiyyətlə üzr istəyirəm. Bu andan başlayaraq, var qüvvəmlə bütün diqqətimi «Siti»nin şərəfini qorumağa yönəldəcəyəm» deyən futbolçunu, heç vaxt komandaya buraxmayacağı barədə bəyanat vermiş baş məşqçi Roberto Mançini son vaxtlar yumşalmışdı. O, üzr istəyəcəyi təqdirdə Tevesi əsas heyətə qaytara biləcəyini söyləmişdi. İndi argentinalı məşqlərə başlayaraq, əvvəlki formasını bərpa etməlidir.

Xəbər 1158 dəfə oxundu.