Milad Beigi Hərçəqani:“Qızıl medal qismətim deyilmiş”
Azərbaycan taekvondo yığmasının üzvü Milad Beigi Hərçəqani avqustun 19-da Rio de Janeyroda Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda yarışda Polşa idmançısı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək komandamıza növbəti olimpiya medal qazandırdı. Görüşdən sonra “İdman” qəzetinə müsahibə verən idmançımız aşağıdakıları deyib:

-Medal qazandığım üçün şadam. İstərdim qızıl medal qazanım. Fiziki cəhətdən hazır idim. Yəqin, təcrübəm az oldu, səhvə yol verdim. Tam isinməmiş döyüşə başladım. Bəlkə də, qızıl medal mənim qismətim deyilmiş.

-Dörddəbir finalda qalib gəldiyin həmyerlin - İranlı idmançı ilə əvvəllər qarşılaşmışdınmı?

-Bəli iki dəfə qarşılaşmışdım. Birində mən udmuşdum, digərində isə o. Bu üçüncü döyüşümüz idi.

-Yəqin ki, bundan sonra da ölkəmizin şərəfini qorumağa davam etdirəcəksən.

-Əlbəttə, Azərbaycan məni qəbul etsə niyə də olmasın. Mən artıq Azərbaycan idmançısıyam və məmnuniyyətlə karyeramı Azərbaycan bayrağı altında davam etdirəcəyəm.

Xəbər 1055 dəfə oxundu.