İdmançımız Fəridə Əzizova Olimpiya Oyunlarını beşinci pillədə başa vurub - YENİLƏNİB
Taekvondoçumuz Fəridə Əzizova bürünc medal uğrunda döyüşdə rəqibi Afrika çempionatının qalibi kot-divuarlı Gbagbi Kristelle Rus Marieyə 1:7 hesabı ilə məğlub olub. İdmançımız XXXI Yay Olimpiya Oyunlarını beşinci pillədə başa vurub.

Fəridə Əzizovanın bürünc medal uğrunda döyüşündə rəqibləri məlum olub. Taekvondoçumuz Pan-Amerikan oyunlarının ikincisi Nekol Aniya Louissaint (Haiti)-Afrika çempionatının qalibi Gbagbi Kristelle Rus Marie (Kot-Divuar) cütünün qalibi ilə qarşılaşacaq.

Təmsilçimiz Fəridə Əzizova yarımfinalda 2015-ci ilin dünya çempionu Koreya Respublikasının idmançısı Hyeri Oha 6:5 hesabı ilə məğlub olub. Taekvondoçumuz bürünc medal uğrunda mübarizə aparacaq.

Fəridə Əzizova növbəti mərhələdə özbəkistanlı Niqora Tursunqulova ilə görüşüb. Bu döyüşdə təmsilçimiz 5:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

Avqustun 19-da XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında digər təmsilçimiz - birinci Avropa Oyunlarının gümüş, dünya çempionatlarının bürünc medalçısı və beynəlxalq turnirlərin qalibi Fəridə Əzizova dayanq üzərinə çıxıb.

Turnirdə 67 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində yarışan taekvondoçumuz Fəridə Əzizova səkkizdəbir final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb. “London-2012”nin və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir final mərhələsinə adlayıb.

İdmançımız növbəti mərhələdə Niqora Tursunqulova (Özbəkistan) - Elin Yohansson (İsveç) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Olimpiya Oyunlarında ölkəmizi ikinci dəfə təmsil edən Fəridə Əzizova “Rio-2016”ya lisenziyanı bu il Türkiyədə təşkil edilmiş Avropa Olimpiya təsnifat turnirində əldə etmişdi.

Xəbər 798 dəfə oxundu.