Patimat Abakarova: Medal qazanacağıma inanırdım - MÜSAHİBƏ
Azərbaycan taekvondoçusu Patimat Abakarova 49 kq çəki dərəcəsində Rio-2016 Yay Olimpiya Oyunlarında yarışlarının bürünc medalını qazanıb.
İlk görüşdə Serbiya idmançısı Tiyana Boqdanoviçə məğlub olan Patimatın rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Avropa çempionatının və Birinci Avropa Oyunlarının mükafatçısı P.Abakarova ilk döyüşdə çinli Jinqyu Vu ilə qarşılaşıb. Qarşılaşmada iki dəfə geri düşməsinə baxmayaraq sona yaxın rəqibin başına əla zərbə endirən idmançımız 4:3 hesablı qələbə qazanıb. İdmançımız bürünc medal uğrunda görüşdə fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub

Medal döyüşündən dərhal sonra “İdman” qəzeti əməkdaşının suallarını cavablandıran Patimat aşağıdakıları deyib:

- İlk döyüşdə çox həyəcanlı idim. Demək olar ki, tam açılışanadək məğlub oldum. Təsəlli yarışında iştirak etmək şansı yarananda özümə söz verdim ki, bu imkandan istifadə etməliyəm. Bilirəm ki, çoxları mənim medal qazanacağıma inanmırdı. Lakin mənim inamım var idi. Özümə söz verdim ki, nə olursa olsun bu döyüşü udmalıyam. Rəqib çox güclü idi və hesab bərabər gedirdi. Hiss etdim ki, sonadək mübarizə aparsam uda bilərəm. Son saniyələrdə qələbəni əldə edə bildim. İlk qələbəm məndə arxayınlıq, özünəinam yaratdı. Medal uğrunda döyüşüm gözlədiyim kimi çətin olmadı və medalı əldən vermədim.

- Məğlub olduğun serb idmançısı finala çıxmasaydı sən təsəlli yarışına qoşula bilməyəcəkdin.

- Bəli. Ona görə də məğlub olduqdan sonra Tiyana Boqdanoviçin qələbəsi üçün dua edirdim. Sağ olsun, mənim gümanlarmı yanıltmadı (gülür).

- Taekvondo idman növündə ilk olimpiya medalını ölkəmizə sən qazandırdın. Nə hisslər keçirirsən?

- Bəli. İnanın o qədər sevinirəm və həyəcanlıyam ki, sözlə ifadə edə bilmirəm. Mən bura medal üçün gəlmişdim və qazandım. Taekvondo tariximizdə ilk medalımızı qazanmaq şərəfi mənə nəsib olduğu üçün də xoşbəxtəm.

Fotolar Dilavər Nəcəfovundur

Xəbər 2244 dəfə oxundu.