“Rio-2016”: ABŞ medalların sayına görə liderliyini qoruyur
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında on günlük gərgin idman mübarizəsindən sonra 72 ölkənin atletləri medallara sahib ola biliblər.

Aktivində iki gümüş medal olan yığma komandamız bu göstərici ilə 51-ci sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) Azərbaycana gümüş medal qazandırıblar. “Rio-2016”nın onuncu günündə boksçumuz Kamran Şahsuvarlı yarımfinala vəsiqə qazanaraq yarışın bürünc medalını təmin edib, həmçinin yunan-Roma güləşi yarışlarında çıxış edən Sabah Şəriəti bürünc medala sahib olub.

Hazırda Olimpiadaya hesabında 26 qızıl, 23 gümüş və 26 bürünc medal olan ABŞ liderlik edir. Böyük Britaniya 16 qızıl, 17 gümüş, 8 bürünc medalla ikinci, Çin 15 qızıl, 14 gümüş və 17 bürünc medalla üçüncü pillədə qərarlaşıb.

İlk onluğu Rusiya (11-12-13), İtaliya (8-9-6), Almaniya (8-6-6), Fransa (7-9-8), Yaponiya (7-4-16), Avstraliya (6-7-9) və Koreya Respublikası (6-3-5) tamamlayır.

Xəbər 668 dəfə oxundu.