"Rio-2016" Yay Olimpiya Oyunlarının səkkizinci günündə daha 21 dəst medal sahibini tapacaq
Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının səkkizinci günündə - avqustun 13-də idmançılar 21 dəst medal uğrunda yarışacaqlar.

Kişilər arasında 11, qadınların mübarizəsində isə 9 dəst medal sahibini tapacaq.

Kişilərin mübarizəsində akademik avarçəkmə (fərdi, səkkizlik), atletika (diskatma, uzunluğa tullanma, 10000 metr məsafəyə qaçış), atıcılıq (25 metr məsafəyə sürətli atəşaçma, skit), gimnastika (batut), ağır atletika (94 kq), 1500 metr məsafəyə sərbəst və 100 metr məsafəyə qarışıq üsulla estafet üzgüçülüyü üzrə yarışlarda qaliblər müəyyənləşəcək.

Qadınlar arasında isə akademik avarçəkmə (fərdi, səkkizlik), tennis (fərdi), velosiped idmanı (ötüşmələr üzrə komanda yarışı, keyrin), qılıncoynatma (sablya üzrə komanda yarışı), atletika (100 metr məsafəyə qaçış), 50 metr məsafəyə sərbəst və 100 metr məsafəyə qarışıq üsulla estafet üzgüçülüyü yarışlarında medallar sahibini tapacaq.

Həmçinin bu gün atletika yarışlarında 800 metr məsafəyə yeddinövçülük yarışlarının da qalibləri bilinəcək.

Mötəbər yarışın səkkizinci günündə 3 Azərbaycan idmançısı mübarizə aparacaq. Kişilərin yarışında 25 metr məsafəyə sürətli atəşaçmada Ruslan Lunyov, boksçumuz Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı), qadınların velosiped idmanı yarışlarında Olqa İsmayılova keyrin növündə gücünü sınayacaq.

Xəbər 679 dəfə oxundu.