Qəbələ İnterlə matçın hazırlığına start verdi
“Qəbələ” Premyer Liqanın 2-ci turunun “İnter”lə oyununun hazırlığına start verib. Avqustun 8-də keçirilən “Kəpəz”lə 1-ci turun qarşılaşmasından (2:0) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” günün ikinci yarısında bir araya gəlib.

Hazırlıq prosesində futbolçular iki qrupa bölünüb. Bir gün öncəki görüşdə iştirak edənlər bərpaedici hazırlıq keçibsə, digər oyunçular topla çalışıb. Komanda növbəti məşqini bu gün - avqustun 10-da keçirəcək.

“Qəbələ”nin “İnter”lə oyununun yeri və vaxtı da dəqiqləşib. Avqustun 12-də baş tutacaq qarşılaşmada meydan sahibi paytaxt klubu deyil, “qırmızı-qaralar” olacaq. Bu üzdən matç öncədən nəzərdə tutulduğu kimi “İnter Arena”da deyil, “Dalğa Arena”da baş tutacaq. Oyun saat 20:00-da başlayacaq.

Xəbər 635 dəfə oxundu.