Azərbaycan paralimpiyaçıları paraşütlə tullanma üzrə dünya kuboku yarışlarına vəsiqə qazanıblar
Azərbaycan paralimpiyaçıları Bahar Şıxıyeva, Azadə Abdullayeva və Vüsalə Kərimova Minskdə keçirilən beynəlxalq festivalda iştirak ediblər.

Festival çərçivəsində əlil arabasında idman rəqsi, boulinq və hündürlükdən paraşütla tullanma növləri üzrə yarışlar keçirilib.

Əlil arabasında idman rəqsi üzrə açıq Belarus çempionatında ölkəmizi təmsil edən Vüsalə Kərimova və Fərid Mehdiyev 2 nominasiyada (Kombi Latino və Kombi freestyle) ən yüksək nəticə göstərərək qızıl, boulinq yarışlarında Vüsalə Kərimova qızıl, paraşütla tullanmada isə Azadə Abdullayeva qızıl və Bahar Şıxıyeva bürünc medala sahib olublar.

Layihə Belarus Əlil İdmançılara Dəstək Fondu və Azərbaycan Respublikası “Əlil idmançılara dəstək” İctimai Birliyinin təşəbbüsü ilə keçirilib. Yarışların nəticələrinə görə, idmançılarımız cari ilin sentyabrında Fransada keçiriləcək paraşütla tullanma idman növü üzrə dünya kubokunda iştirak edəcəklər.

Xəbər 1391 dəfə oxundu.