Rüstəm Orucov: “Bu cür güclü rəqiblər arasında gümüş medal qazandığım üçün çox sevinirəm”
Azərbaycan cüdoçusu Rio de Janeyroda XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycan idmançısı Rüstəm Orucov 73 kq çəki dərəcəsində finala yüksələrək olimpiadanı gümüş medalla başa vurub. Həlledici görüşdə yapon idmançısı Şohei Onoya məğlub olan idmançımız ölkəmizə Rioda ilk medalı qazandırıb. Final görüşündən dərhal sonra Rüstəm “İdman” qəzetinə açıqlama verərək deyib:

Mənə dəstək olan, azarkeşlik edən hər kəsə minnətdaram. Validenlərimə minnətdaram ki, məni cüdoya sövq ediblər.

Rəqiblərimin hamısı çətin idi. Olimpiadada asan rəqib olmur. Buna görə də bu cür güclü rəqiblər arasında gümüş medal qazandığım üçün çox sevinirəm. Yapon idmançının finala çıxacağını əvvəldən təxmin edirdim. Çünki çox güclü rəqibdir. İndiyədək bir dəfə qarşılaşmışdıq və o qalib gəlmişdi. Buna görə də onunla qarşılaşmaya xüsusi texnika ilə hazırlaşırdım. Amma o məni qabaqladı. Məşqçilərimlə birgə bu günkü fəndləri nəzərdən keçirəcəyik. Onu məğlub etmək üçün texnikaya daha çox diqqət etməliyəm. Düzü, İsrail idmançısının mənə rəqib olacağını hiss edirdim. Üçüncü görüşdə özbək idmançını gözləyirdim, əvəzində macar idmançısı rəqibim oldu. Qalan rəqiblərim mənim üçün sürpriz oldu. Rəqiblərimdən Qazaxıstan idmançısını bir dəfə məğlub etmişdim. Avstraliyalı ilə ilk dəfə idi güləşirdim. Nikolas Bulvariyə 3 dəfə uduzub, bir dəfə qalib gəlmişdim. İsrailli ilə hesabımız 1:1 idi.

Məndən sonra yarışacaq komanda yoldaşlarıma, ümumiyyətlə, bütün olimpiyaçılarımıza uğurlar arzulayıram.


Xəbər 1065 dəfə oxundu.