Azərbaycan Rio Olimpiadasında ilk medalını qazandı
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının hesabına ilk medal yazılıb. Bu medalı Olimpiadanın cüdo yarışında, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüstəm Orucov qazanıb.

Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan cüdoçumuz bu mərhələdə Qazaxıstan təmsilçisi Didar Hamzanı məğlub edib. Rüstəm səkkizdəbir finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb. Azərbaycan idmançısı dörddəbir finalda London-2012, Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Unqvarini məğlub edib. Yarımfinalda Saqi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü qələbə ilə başa vuraraq finala yüksəlib.
Yalnız finalda yaponiyalı Şohei Onoya uduzan cüdoçumuz XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Xəbər 1501 dəfə oxundu.