Teymur Məmmədov: Bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə güc verdi
“Vətənə Olimpiya çempionu olaraq qayıtmağa çalışacağam” Azərbaycan idmançısı Teymur Məmmədov Rioda Yay Olimpiya Oyunlarının boks yarışlarında 81 kq çəki dərəcəsində Ukraynalı Denis Solonenkoya qalib gələrək növbəti mərhələyə yüksəldi. Döyüşdən sonra Teymur “İdman” qəzetinə qısa müsahibə verdi.

- İlk qələbə münasibətilə təbrik edirəm.

- Sağ olun. Şükür allaha döyüşü uddum və Olimpiadaya qələbə ilə başladım.

- İlk raundda sanki rəqibə daha çox həmlə etməyə imkan verirdin.

- İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm.

- Bayraqdarın qələbəsi bütün olimpiya komandamıza rüh yüksəkliyi gətirəcək. Bayrağı aparmaq sənə etibar olundu. Bu barədə nə deyə bilərsən?

- Paradda doğma Azərbaycanımın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən o bayraqdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir. Lakin mən tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bu günkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu.

- Qarşıda daha güclü rəqiblər gözləyir.

- İnşallah növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm. Vətənə olimpiya çempionu kimi qayıtmağa çalışacağam.

Söhbətləşdi: Qabil Mehdiyev
Fotolar Dilavər Nəcəfovundur

Xəbər 1146 dəfə oxundu.