Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubileyi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2000-ci ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının onilliyi tamam olur. 2000-ci il həm də Azərbaycan idmançılarının Olimpiya oyunlarında iştirakının 50 illik yubileyidir. İdmançılarımız 1952-ci ildən etibarən Olimpiya oyunlarında iştirak etməyə başlayaraq, SSRİ yığma komandasının tərkibində çıxış etməli olmuşlar. Azərbaycan Olimpiya Hərəkatı tarixini ümumiyyətlə, şərti olaraq üç dövrə bölmək olar: Azərbaycan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi 1952-1988-ci illəri əhatə edən dövr, 1988-1992-ci illərdə oyunlara hazırlıq mərhələsini başa vuraraq, orada Müstəqil Dövlətlər Birliyinin yığma komandası tərkibində iştirak etdiyi dövr və Azərbaycanın müstəqil dövlət kimi Beynəlxalq Olimpiya hərəkatına qoşulduğu 1992-ci ildən sonrakı dövr.
Azərbaycan idmançıları SSRİ yığma komandasının tərkibində Olimpiya oyunlarının doqquzunda 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünc medal qazanmışlar. Sərbəst üsulla güləşçi Rəşid Məmmədbəyovun 1952-ci il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbaycan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda sprinter məsafələrinə qaçan Yuri Konovalovun, müasir beşnövçü Viktor Mineyevin, voleybolçu İnna Rıskalın, həndbolçular Rəfiqə Şabanovanın və Lyudmila Şubinanın, qılıncoynadan İlqar Məmmədovun, futbolçu İqor Ponomaryovun və başqalarının uğurlu çıxışları Azərbaycan idmanının nüfuzunu artırdı.
1992-ci il Barselona Olimpiadasında Azərbaycan idmanı Müstəqil Dövlətlər Birliyinin yığma komandasında cəmi 5 nəfərlə təmsil olunsa da, idmançılarımızdan ikisi - cüdoçu Nazim Hüseynov və gimnast Valeri Belinki qızıl medal alaraq, Olimpiya çempionu adına layiq görüldülər.
1992-ci ildə Milli Olimpiya Komitəsinin yaradılması ilə ölkəmizin Olimpiya Hərəkatında yeni bir dövr başlayır. Artıq Azərbaycan Müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbaycan ilk dəfə olaraq 1996-cı il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənc Azərbaycan Respublikasının 61-ci yer tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşçi Namiq Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə müstəqil Azərbaycan Respublikası idmanının ilk yüksək nəticəsi kimi qiymətlidir.
Azərbaycan Milli Olimpiya Komitəsinin 1997-ci il iyulun 31-də keçirilmiş Baş Məclisində təşkilat məsələlərinə baxılaraq, onun yeni heyətinin seçilməsi komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbaycan Milli Olimpiya Komitəsi ölkəmizdə Olimpiya Hərəkatının və idmanın inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstəricilər əldə etmişdir. İdmançılarımızı Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya oyunlarına yüksək səviyyədə hazırlamaq və hazırlıq mərhələsində onların rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1998-ci il tarixli sərəncamı ilə Milli Olimpiya Komitəsinin daha məqsədyönlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması öz müsbət nəticələrini verdi. Həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan idmançılarından 31 nəfər 10 idman növü üzrə 2000-ci il XXVII Yay Olimpiya Oyunlarına vəsiqə qazandı və Azərbaycan ikinci dəfə müstəqil dövlət kimi Oyunlarda iştirak etdi.
2000-ci il sentyabrın 15-də Sidney şəhərində başlanmış bu yarışlarda Azərbaycan idmançıları yüksək idman nəticələri göstərdilər. Stend atıcısı Zemfira Meftəhəddinova və güləşçi Namiq Abdullayev qızıl, 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbaycanın 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutması idmanımızın böyük qələbəsi idi. Bu Milli Olimpiya Komitəsinin rəhbərliyi altında aparılmış gərgin, planlı, məqsədyönlü işin parlaq nəticəsi kimi qiymətləndirilməlidir.
Milli Olimpiya Komitəsinin Azərbaycanda Olimpiya Hərəkatının daha da genişlənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançılarımızın hazırlıq səviyyəsinin yüksəldilməsi üçün onların beynəlxalq yarışlarda iştirakının təmin olunması yolunda səmərəli fəaliyyət göstərir. Xüsusilə qeyd edilməlidir ki, Milli Olimpiya Komitəsi bu mühüm vəzifələrin həyata keçirilməsi üçün ölkənin müxtəlif dövlət və ictimai qurumları ilə, habelə dünyanın ayrı-ayrı olimpiya və idman təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri yarada bilmişdir. Milli Olimpiya Komitəsinin bu təqdirəlayiq fəaliyyəti ümid verir ki, Azərbaycan xalqı idmançılarımızdan 2004-cü il Afina Olimpiadasında daha böyük qələbələr gözləsin, müstəqil Azərbaycanımızın üçrəngli bayrağı, himnimizin sədaları qədim yunan torpağında daha tez-tez göylərə qalxsın. Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək və onun onillik yubileyinin ölkəmizin ictimai-mədəni həyatı üçün əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda Olimpiya Hərəkatının daha da möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının onillik yubileyi ölkəmizdə geniş qeyd olunsun.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
- Milli Olimpiya Komitəsi ilə birlikdə yubiley tədbirləri planı hazırlayıb həyata keçirsin;
- Bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 dekabr 2001-ci il.

Xəbər 1156 dəfə oxundu.