İlk hədəf yenə Avropa liqasının qrup turniridir
«Qəbələ»nin yüksəldiyi zirvə və «Qarabağ»ın qaçırdığı fürsət günü


Azərbaycan təmsilçilərinin qitə klub kuboku yarışlarında builki ilkin hədəfi yenə Avropa liqası olacaq. Ötən cümə günü atılan püşk nəticəsində komandalarımıza mümkün rəqiblər arasında elə də müşkülləri düşməyib. Buna görə hər iki təmsilçimizdən yalnız qrup mərhələsinə vəsiqə gözləyirik. Xüsusən «Qəbələ»nin «Lill» səddini hər sahədə məharət nümayişi ilə aşması belə düşünməyə əsas verir.

Komanda bu görüşdə məşqçi korpusunun düşüncə və strateji yetkinliyi, futbolçuların qarşıya qoyulan tapşırıqları kifayət qədər savadla yerinə yetirməsi ilə seçildi, yüksəldi və buna görə maneəni keçdi. Məncə, «Lill»ə meydanda qalib gəlməyin iki yolundan biri də bu idi.

Söz yox ki, istənilən oyunda irad üçün hər bir əsas tapmaq olar. Lakin bu həmin nadir məqamlardandır ki, bütün tənqid və təkliflər ikinci plana keçir, yadımda qalanı tənqidi qeydləri dilə gətirmədiyim ilk icmaldır. Əlbəttə, unudulmamalıdır ki, bu oyun, bu nəticə, bu fürsətlə qürrələnib növbəti mərhələni əldən verilməməlidir. Əks təqdirdə, «Lill» qələbəsinin bir qəpiklik də dəyəri qalmaz. Ehtiyatlanmağa da əsasımız var: axı, «Qəbələ» birinci mərhələdə Gürcüstan təmsilçisi ilə duellərdə bunu əyani nümayiş etdirmişdi. Bu dəfə rəqib o rəqiblərdən deyil və səhvləri bağışlamayacaq.

«Lill» ilə ev matçında «Qəbələ», əslində, arxa plandan oynadı. Lakin bunu elə tərzdə etdi ki, rəqibi hürkütdü, yəni komanda qapısı ağzına qısılıb, ya da yumaq kimi yığılıb, sürətli əks-hücumlara bel bağlamadan, meydanın orta zonası boyunca rəqibə oyun diktə etməyə başladı. Bu isə ilk dəqiqələrdə lap fəallıq kimi göründü – hərbə-zorba alındı. Sonra üstünlüyü qəsdən əldən verib rəqibi yormağa üstünlük versə də, rəqib də bunun nə olduğunu anlamadı, çünki taktiki təşviş içində idi. Belə oyunlarda rəqib mütləq səhvə yol verir. Çünki səfər rəqibi hürküdən sülh də məhz «Qəbələ»nin xeyrinə idi. Rəqib başını aşağı salıb irəli atılmasa belə, məğlub durumda olduğu üçün əvvəl-axır xoşbəxtliyi hücumda axtarmalı idi – təbii – imkan verən olsaydı.

«Qəbələ»nin bəxti gətirməyə də bilərdi. Rəqib get-gedə təzyiqi artıra bilərdi, lakin buna zaman imkanı, hazırlıq səviyyəsi çatmadı. Buna görə hər şey əksinə baş verdi və çaşqınlıq «Qəbələ»nin hesabı açaraq, özünü daha da sığortalamasına gətirib çıxardı. «Qəbələ» oyun elementində cinahların lazım olan yükü üzərinə götürərək meydanı genişləndirməsi, rəqibi daha çox enerji sərfinə təhrik etdi və bununla ada qol buraxdıqdan sonra belə rəqib özünə gələ bilmədi. Daha doğrusu, kələfin ipucunu tapa bilmədi.

Baş məşqçinin oyunçu dəyişiliklərinə əl atmayaraq, yalnız bir məcburi əvəzləmə etməsi də bu matçda olan nizamı qorumaq cəhdinin izharı idi. Hərçənd belə məqamlarda istənilən komandanın ehtiyat qüvvəsi onun baş ucalığı, səviyyəsinin göstəricisi, imkanlarının genişliyi və təkrar zərbə üçün alət təkmilliyidir. Böyük klubları zəiflərdən fərqləndirən cəhət də budur. Görünür, «Qəbələ»nin məşqçi korpsu özünü «böyük okean gəzintisi»nə tam hazır hiss etmir.

Bunun birinci səbəbi məşqçi korpusunun özündədirsə, digər məhz oyunçu ehtiyatı ilə bağlıdır (Bu məsələni hələ 3-cü raundun ilk oyunları zamanı qısa qeyd etmişdik). Bunun nə demək olduğunu isə «Qarabağ» əyani nümayiş etdirdi. Komanda Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığına yaxınlaşa və yaxud ən güclülər arasına düşə bilərdi. Fəqət doğma divarlar arasında heç də təqdir edilməyəcək bir tərzdə oyun nümayiş etdirdi. Hələ də mənə qəribə gəlir: bu komanda niyə böyümək istəmir? Açığı, səbəbi aydındır, amma belə də davam etməyəcək. Çünki bu yol durğunluğa aparır. Əlbəttə, bu imkanlar da müəyyən nəticəyə ümid verir. Lakin vurduğu qoldan sonra komandanın, sanki Azərbaycan çempionatının növbəti oyununda hesabı açıbmış kimi, gözləmə mövqeyinə keçməsi kimi bir səhvə yol verilməsi də durğunuluğa təhrik edən durumun məhsuludur.

İndi Avropada qalan iki klubumuzu müqayisə etsək, məncə qola qədər «Qarabağ»ın göstərdiyi oyunu «Qəbələ» mənimsəməlidir və əksinə, «Qəbələ»nin «Lill»ə qarşı qoyduğu taktikanı Ağdam təmsilçisi qol vurandan sonra tətbiq etməyi öyrənməlidir.

Arxayınlıqla yanaşı, Azərbaycan çempionunun məşqçi korpusu bu dəfə əvəzetmələrdə kobud səhvlərə yol verdi. Nəyə və niyə arxayın olduqlarını çözmək isə bir az çətindir. Bəlkə də səfərdəki rəqabət «Qarabağ»ı özünə hədsiz güvənməyə təhrik etmişdi. Hə, yeri gəlmişkən, Ağdam təmsilçisi bu məğlubiyyətə bərabər sülhün təməlini də, məncə, elə səfərdə qoymuşdu. Elə bir oyunda komandanın evə qolla və ya qələbə ilə qayıtması məcburi idi. Hər necə oldusa, bu sədd keçilmədi və indi həmin oyunlara «ağıllı və ağılsızın özgə səhvləri»nə münasibəti haqqındakı lətifənin dərsi kimi baxa bilərik.

Qarşıdan Avropa liqasının pley-offu gəlir. Yenidən lap əvvələ (həm yazıda, həm də təfəkkürdə) qaydıaq, ötən il olduğu kimi, hər iki komandanı bu dəfə də yalnız qrupda görməliyik: püşk belə deyir. Əlbəttə, indi «Qəbələ»dən və «Qarabağ»dan bir az bənzər-fərqli oyun gözləməyə dəyər.

Xəbər 1762 dəfə oxundu.