Samir Əliyev: "Sırf nəticəyə oynamırıq”
"Neftçi”nin əvəzedici komandasının baş məşqçi Samir Əliyev yeni mövsümün açılış turunda qarşılaşdıqları AZAL-la oyundan sonra klubun rəsmi saytına danışıb. 2:1 hesablı qələbəyə sevinən "ağ-qaralar"ın çalışdırıcısı bunları söyləyib:

"Mövsümün ilk oyunu həmişə çətin keçir. AZAL-la oyunumuz da gərgin və maraqlı alındı. Heyətimizdə olan 9 nəfər 1999-cu il təvəllüdlü futbolçulardan 3-nü start heyətində meydana buraxmışdıq. Oyunun gedişində daha 2 futbolçuya şans verdik. Ümumiyyətlə, komandamızda cəmi 1 nəfər 20 yaşlı futbolçu var ki, o da qapıçı Sənan Əlizadədir. İkinci qapıçımız isə 16 yaşlı Nail Alışovdur. Qalan uşaqların hamısı 1997-ci il təvəllüdlü və daha gənc futbolçulardır. Təbii ki, heyəti gənc futbolçulardan qurmuşuqsa, deməli, sırf nəticəyə oynamırıq. Əsas məqsəd bu futbolçuları A komandası üçün mümkün qədər tez hazırlamaqdır. Çempionatın hər turunda bu futbolçulara şans verəcəyik. Daha çox çalışsalar, inanıram ki, tezliklə əsas komandaya çağırılacaqlar”.

Xəbər 717 dəfə oxundu.