«Rio-2016»: Müstəqil Azərbaycan komandası 6-cı yay olimpiadasına geniş heyətlə gedib
Azərbaycanın olimpiya komandası bu mötəbər yarışa tarixinin ən geniş idmançı heyəti ilə yola düşəcək. 18 idman növü üzrə 56 idmançı yarışlara qatılacaq. Hazırda ölkəmiz idmançılar paradında, yəni iştirakçı sayına görə 53-55-ci yerləri (Finlandiya və Mərakeş ilə) bölüşdürür. İdmançılarımızdan 13-ü qadındır. Onu da qeyd edək ki, bəzi olimpiyaçılarımızın bir neçə proqram üzrə çıxış edəcəyini əsas götürsək, iştirakçılarımızın cəmi 71 medal dəsti uğrunda yarışacağı da məlumdur. Elə bunun özü də komandamız üçün olimpiya rekordudur.

Onu da qeyd etmək yerinə düşər ki, yarışlara ölkəmiz yeni növlər və proqramlar üzrə vəsiqələr də qazanıb. Ölkəmizin olimpiya debütü edəcəyi idman növlərindən biri velosiped idmanıdır. Ötən ilin yekunlarına əsasən, Maksim Averin şose velosipedində ölkəmizin olimpiadada təmsil olunmasını təmin edib. Londonda keçirilən son dünya çempionatında isə Olqa İsmayılova müvafiq reytinq normativlərini yerinə yetirib. O, iki proqram üzrə (trekdə sprint və keyrin) olimpiya lisenziyasının sahibidir. Maraqlıdır ki, Olqadan savayı, kayakda İrina Osipenko-Radomkaya da iki yarışda ölkəmizə medal qazandırmağa iddialıdır. Ruslan Lunyov isə 10 və 25 metr məsafələrə tapançadan atəş proqramında qüvvəsini sınayacaq. İdman gimnastikasında Oleq Stepko ilə Petro Paxnyuk 6 fərdi proqram üzrə yarışda qüvvələrini sınayacaqlar. Onlar, nəzəri olaraq, həm çoxnövçülükdə, həm də ayrı-ayrı yarışlar üzrə finallara vəsiqə əldə ediblər, deməli, hər proqram üzrə ayrı-ayrılıqda 7 medal əldə edə bilərlər. Yarışlarda Aleksandr Aleksandrov və Boris Yotov avarçəkmə cütlüyü isə iki nəfərə ölkəmizə bir medal qazanmaq imkanına malikdirlər.

İlk dəfə olimpiya oyunlarında kamandan oxatma idmanında da təmsil olunacağıq. Olqa Senyuk bu hüququ Böyük Britaniyada təsnifat turnirində qazanıb. Triatlonda Rostislav Pevtsov dünya reytinqinə uyğun olaraq, fərdi qaydada vəsiqə əldə edib və bu da ölkəmizin daha bir növdə olimpiya siftəsinə yol açıb. Kanoenin ayrıca yarış kimi keçirilən, slalom proqramında da ilk dəfə təmsilçimiz olimpiadaya qatılacaq.
Komandamız Oyunlara bu idmançı heyəti ilə yola düşüb: avarçəkmədə Aleksandr Aleksandrov və Boris Yotov cütlüyü (akademik, 2000 m), atletikada Hanna Skidan (çəkicatma), Hayle İbrahimov (qaçış, 1500 m), Evans Kiplaqat (qaçış, marafon), Nazim Babayev (üçtəkanla tullanma), boksda Yana Alekseyevna (60 kq), Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Əbdülqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq), gimnastikada Marina Durunda (bədii, fərdi), Oleq Stepko və Petro Paxnyuk (hər ikisi - idman, fərdi), güləşdə yunan-Roma üzrə Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (66 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), sərbəst növ üzrə qadınlardan Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq), kişilərdən Mircəlal Həsənzadə (57 kq), Toğrul Əsgərov (65 kq), Cəbrayıl Həsənov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq), kanoe-kayakda İnna Osipenko-Radomskaya (kayak, təknəfərlik, 200 m və 500 m), Valentin Demyanenko (kanoe, təknəfərlik, 200 m), Yure Meqliç (kanoe-slalom, təknəfərlik), taekvondoda Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Hərçəqani (80 kq), Radik İsayev (+80 kq), veloidmanda Maksim Averin, Yelena Pavluxina (hər ikisi - şose), Olqa İsmayılova (sprint və keyrin), üzgüçülükdə Fatimə Alkərimova (100 m, sərbəst) və Boris Kirilov (200 m, arxasıüstə), qılıncoynatmada Səbinə Mikina (sablya, fərdi), triatlonda Rostislav Pevtsov (fərdi), oxatmada Olqa Senyuk (kaman, fərdi), güllə atıcılığında Ruslan Lunyov (tapança, 10 m və 25 m), cüdoda Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşangi Kokauri (+100 kq).

Olimpiadanın yarış meydanlarında ölkəmiz həm də hakimlərlə təmsil olunacaq. 3 beynəlxalq dərəcəli hakim ədalət keşikçisi olacaq. Onlardan Hicran Şərifov artıq üçüncü güləş, Rövşən Hüseynov ikinci boks, Rza Əliyev ilk gimnastika olimpiadasına yollanır.
Azərbaycan komandası avqustun 1-də axşam saat 22:00-da Rio de Janeyroya yola düşüb və ertəsi gün səhər 09:30-da Rioya yetişib. Avqustun 3-də Olimpiya kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunub.

Qedy edək ki, son yarım ildə idmançılarımız 12 gündən az olmayaraq, 100 təlim-məşq toplanışında iştirak ediblər. Bundan savayı, 94 respublika, 24 yerli beynəlxalq və 102 irimiqyaslı tədbirdə qüvvələrini sınayaraq, 300 medal qazanıblar. Onlardan 170-i olimpiya növlərində əldə olunub.

Azərbaycan idmançıları arasında, ilk olaraq, mübarizəyə oxatan Senyuk qoşulacaq.
Ayın 21-də - sonuncu gün idmançılarımızın iştirak etdiyi turnirlər sırasında bədii gimnastların, atletlərin və güləşçilərin son mübarizələri ilə olimpiadanın yarış proqramına yekun vurulacaq.

Əminik ki, idmançılarımız ötən olimpiadalarda olduğu kimi bu dəfə də Vətənə üzüağ dönəcəklər.

Xəbər 1372 dəfə oxundu.