«Rio-2016»: Miqrantlar komandasında kimlər var
Oyunlarda miqrantlar komandası da olacaq. Yaxın Şərq və Afrikanın bir sıra ölkələrindəki siyasi-hərbi vəziyyətə görə və Avropada yaranmış miqrasiya böhranı ilə əlaqədar 10 idmançıya BOK bayrağı altında "Qaçqınlar komandası"nda çıxış etməyə icazə verilib. Bunlar Keniyaya köçmüş Cənubi Sudan atletləri Ceymz Çyenqjyek (qaçış, 400 m.), Yieç Byel (qaçış, 800 m), Rouz Lokonyen (qaçış, 800 m), Paulo Lokoro (qaçış, 1500 m), Ancelina Lohalit (qaçış, 1500 m), Lüksemburqda qərarlaşmış həbəşistanlı marafonçu Yonas Kinde, cüdoçular Braziliyaya köçmüş demokratik konqolular Yolande Mabika (70 kg), Popole Misenqa (90 kg), üzgüçülər - Belçikanı və Almaniyanı seçmiş suriyalılar, uyğun olaraq, Rami Anis (batterflay, 100 m) və Yüsra Mərdinidir (sərbəst, 200 m). Amma Oyunlarda ilk dəfə iştirak edəcək Cənubi Sudan da öz kiçik komandası ilə yarışa yola düşüb. Yeri gəlmişkən, bu olimpiada daha bir coğrafi yeni ad - Kosovonun da olimpiya debütü ilə yadda qalacaq. Əlbəttə, ənənəvi braziliyalı ruhu ilə hazırlıq dövrü qalmaqallarsız keçmədi. Oyunlaradək dopinq qadağaları ilə diqqət çəkən, xüsusən, rusiyalı atletlərinin tam heyətlə yarışdan uzaqlaşdırılması və s. qalmaqallarla gündəmə gələn olimpiadanın başı əvvəldən dumanlar içində olub.
Daha bir qalmaqal hazırlıqla bağlı oldu. 2014-cü ildə olimpiadanın hətta yenidən Londona verilməsi, yaxud Şotlandiyanın mərkəzi Qlazqoda və yaxud Rusiya paytaxtı Moskvada keçirilməsi müzakirə edilmişdi.

Xəbər 724 dəfə oxundu.