«Rio-2016»: Məşəlin 30 min kilometrlik yolu
Məşəl 2015-ci il iyulun 3-də ölkə Prezidenti Dilma Rusefin iştirakı ilə ictimaiyyətə təqdim edilib. Məşəlin tərtibatını 76 namizəd arasından seçilən "Çelles və Hayaşi" studiyası verib. Dəniz, dağ, səma və günəş rənglərini əks etdirən dalğavari hərəkətli hissədən ibarət olan məşəl elə işlənib ki, onlar bir-biri ilə görüşəndə sanki "bir-biri ilə öpüşür". Braziliya bayrağı rənglərində işlənmiş, kitrə və alüminiumdan olan məşəl üzərindəki elementlər kamilliyi, dostluğu və qarşılıqlı hörməti özündə ehtiva edir. Hündürlyü 63,5 sm (açıq vəziyyətdə 69 sm), çəkisi 1-1,5 kq olan məşəllərin sayı 12 mindir.

2016-cı il aprelin 21-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun da iştirak etdiyi təntənəli mərasimlə Yunanıstanda Olimp dağının ətəyində Hera məbədində alovlandırılan məşəl 6 gün sonra, İsveçrənin Cenevrə və Kolumbiyanın Boqota şəhərlərindən keçməklə, Braziliya paytaxtına gətirilib. Mayın 3-dən başlanmış estafet ölkənin 83 iri, cəmi 300 şəhərindən keçərək, Braziliyanın əhalisinin 90 faizinin məskunlaşhdığı ərazilərdə olacaq və ayın 5-də məşhur "Marakana"ya çatdırılacaq. Bu müddət ərzində onu 12 min nəfər daşıyacaq və hər biri 200 metr məsafə qət edəcək. Ümumən, məşəl quru ilə 20 min kilometr, hava ilə 10 min mil yol qət edəcək.

Xəbər 584 dəfə oxundu.