«Rio-2016»: Yarışlar haralarda keçiriləcək
Rio de Janyero oyunlar baxımından 4 böyük zonaya (Marakana, Kopakabana, Barra və Deodoru) bölünüb. Bundan savayı, futbol turnirlərinin ilkin mərhələlərini paytaxt Braziliya (Mane Qarrinça adına Milli stadion), habelə Belu Orizonti ("Mineyrau"), Salvador ("Arena Fonte Nova"), Manauş ("Arena da Amazonia") və Sau Paulu ("Arena Korintians") qəbul edəcək.

Marakana zonasında, təbii ki, adından da göründüyü kimi, açılış və bağlanış mərasimləri ("Marakana" stadionu) keçiriləcək. Burada həmçinin , atletika və reqbi-7 yarışları (Joau Avelanj adına olimpiya stadionu), voleybol ( Jilbertu Kardozu adına ("Marakanazinyu") idman kompleksi, kamandan oxatma və marafon qaçışı (Sambodrom) təşkil olunacaq.

Kopakabana da aydın məsələdir ki, əsas çimərlik (çimərlik voleybolu) və sahil turnirləri (triatlon) üçün nəzərdə tutulub. Burada həmçinin veloşosse yürüşüləri və aletikanın idman yerişi (Flamenqu parkı), akademik, kanoe-kayak avarçəkmələri (Rodriqu di Freytaş dəniz laqunu), yelkən idmanı (Da Qloriya sahil zolağı) turnirləri olacaq.

Barrada əsas olimpiya obyektləri inşa olunub. Velodromda trek veloyürüşü, olimpiya arenasında gimnastika yarışları olacaq. Tennis, hokkey, su idmanı mərkəzlərində də keçiriləcək yarışlar aydındır. Lakin suyatullanma və su polosu üçün Maria Lenk adına daha bir mərkəz inşa olunub. Olimpiya məşq mərkəzində basketbol və həndbolu, eləcə də güləş, cüdo və taekvondonu, "Riosentru"da ağırlıqqaldırma, boks, stolüstü tennis və badmintonu, Marapendi çölündə qolfu izləyənlər toplaşacaqlar.

Deodoruda atçılıq, atıcılıq, müasir beşnövçülük, dağ və BMX veloidmanı üçün mərkəzlər açılıb. Qılıncoynatma "Arena Deodoru"da, kanoe slalomu isə "Ekstrimpark Deodoru"da olacaq.

Ümumiyyətlə, olimpiya oyunları üçün 9 yeni idman obyekti inşa olunub, 8-i əsaslı təmir edilərək modernləşdirilib. Yeri gəlmişkən, tarixin ən böyük Atletlər kəndi də Rioda inşa olunub. 543 min kv.m. ərazidə 80 min çarpayılıq, 70 min masalıq, 29 min yataq dəstli, 60 min paltar şkafı, 6 min televiziyası və 10.000 smartfonu olan 3604 mənzil və yaxud 31 7-mərtəbəli bina istifadəyə verilib.

Xəbər 815 dəfə oxundu.