Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasının təşkilati işləri müzakirə edilib
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə həsr olunan növbəti görüş keçirilib.

Tədbirdə Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, komitənin müxtəlif şöbələrinin nümayəndələri, Milli Gimnastika Arenasının rəhbəri Maqsud Fərzullayev və “Amapola” şirkətinin menecerləri iştirak ediblər.

Toplantıda açılış və bağlanış mərasimlərinin ssenarisi müzakirə edilib, təhlükəsizlik, nəqliyyat məsələləri barədə fikir mübadiləsi aparılıb və müvafiq tapşırıqlar verilib.

Açılış mərasimində iştirak edəcək qonaqların və şahmatçıların yerləşdirilməsi, media nümayəndələrinin rahat fəaliyyəti ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Əməliyyat Komitəsinin nəqliyyat departamentinə dörd minə yaxın tamaşaçının və rəsmi şəxslərin arenaya vaxtında və rahat gəlməsini təmin etmək barədə tapşırıq verilib.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında keçiriləcək. Açılış mərasimi sentyabrın 1-də saat 19:00-da başlayacaq.

Xəbər 733 dəfə oxundu.