“Rio-2016” Yay Olimpiya Oyunlarına futbol yarışları ilə start verilib
Avqustun 3-də Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına futbol yarışları ilə start verilib.

Açılış mərasimi avqustun 5-nə nəzərdə tutulan Olimpiadanın futbol yarışları iki gün əvvəl start götürüb.

İlk yarış günündə qadın futbolçular mübarizə aparıblar.

Əvvəlcə “F”qrupunda yer alan İsveç və Cənubi Afrika Respublikasının milli komandaları Olimpiya stadionunda üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İsveç millisi fərqlənib. Görüşün 76-cı dəqiqəsində Nilla Fişerin vurduğu qol komandasının qalib gəlməsini rəsmiləşdirib.

“F” qrupu çərçivəsində digər görüş “Corinthians Arena”da Kanada və Avstraliya yığmaları arasıda keçirilib. Görüşün ilk dəqiqəsində kanadalı futbolçu Janine Beckie hesabı açıb. Matçın 78-ci dəqiqəsində Kanada millisinin üzvü Kristine Sinklir fərqlənib. Beləliklə, görüş Kanada millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin “E” qrupunda yer alan Braziliya millisi Olimpiya stadionunda Çin yığması ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Braziliya yığması rəqib qapısından 3 cavabsız top keçirib. Braziliya millisinin heyətində Monika, Andressa Alves və Kristiane fərqləniblər.

Xəbər 1335 dəfə oxundu.