Ukraynalı rəssam Bakı Şahmat Olimpiadası ilə bağlı hazırladığı 3D “street-art” əsərini təqdim edib
Ukraynada 3D “street-art” sənətinin əsasını qoyan rəssamlardan olan Aleks Maksiov Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvəti ilə paytaxtımızdadır.

1990-cı ildən “street-art”la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan əsəri üç günə hazırlayıb.

Dənizkənarı Milli Parkda hazırlanan əsər paytaxt sakinlərinin və şəhərimizin qonaqları tərəfindən maraqla qarşılanıb.

Ölkəmizə növbəti dəfə səfər etdiyini bildirən rəssam deyib: “Sentyabrda Bakıda təşkil olunacaq 42-ci Dünya Şahmat Olimpiadasına dəstək olmaq məqsədilə bu əsəri hazırladım. Rəsmdə yarışın keçiriləcəyi məkan - “Baku Crystal Hall”, həmçinin “Amerikan təpəcikləri” üzərində şahmat lövhəsi yer alıb. Əsərdə sanki şahmat lövhəsi “Amerikan təpəcikləri” üzərindən gələrək “Bakı Crystal Hall”a daxil olur. Xəzər dənizi isə əsərə başqa bir gözəllik qatır. Ümid edirəm ki, Bakının sakinləri və qonaqları bu rəsmə böyük maraq göstərəcəklər. Rəsm 3D formatında olduğu üçün reallığı əks etdirir”.

Azərbaycanda ikinci əsərini hazırladığını bildirən ukraynalı rəssam ilk dəfə Bakıda iki əvvəl Qız qalası yaxınlığında rəsm çəkdiyini diqqətə çatdırıb. Bildirib ki, həmin əsər Bakıda ilk “street-art” rəsmi idi. Əsər Bakıda təşkil olunan festival çərçivəsində hazırlanmışdı.

Sonra 42-ci Dünya Şahmat Olimpiadasının ulduz səfirləri - “Bu şəhərdə” teatrının baş prodüseri və rəhbəri Müşfiq Abbasov, aktyor Coşqun Rəhimov ölkəmizin beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, idmançılarımızın beynəlxalq arenadakı uğurlu çıxışları barədə məlumat veriblər. Natiqlər şahmatçılarımızdan qələbə gözlədiklərini və onlara inandıqlarını bildiriblər.

Fəaliyyətlərində idmanın şahmatın kütləviliyinin artırılmasına geniş yer ayırdıqlarını bildirən natiqlər yeniyetmə və gəncləri asudə vaxtlarını səmərəli keçirmək üçün idmanın bu növü ilə məşğul olmağa səsləyiblər.

Sonda rəssam paytaxt sakinlərini yeni əsəri ilə tanış olmağa dəvət edib.

Əsər tamaşaçıların böyük marağına səbəb olub.

Xəbər 626 dəfə oxundu.