Kayak və kanoeçilərimiz dünya çempionatında yarışacaqlar
Azərbaycanın 18 və 23 yaşadək kayakçı və kanoeçilərdən ibarət milli komandası Belarusun paytaxtı Minskə yollanıb.

Dmitri Sablinin baş məşqçi olduğu komanda iyulun 28-də start götürəcək dünya çempionatında iştirak edəcək.

Nüfuzlu reqatada 4 idmançımız mübarizə aparacaq. Onlardan üçü kanoeçi, biri isə kayakçıdır. Yeniyetmələrin mübarizəsində yalnız Mixail Bıkxalo çıxış edəcək. M.Bıkxalo bir nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəni qət edəcək.

İyirmi üç yaşadək kayakçıların mübarizəsində isə yalnız Tamerlan Mustafayev çıxış edəcək. Bu yaş qrupu üzrə kanoeçilərin yarışına isə Nikita Sablin - Aleksey Kupin dueti qatılacaq. Bu cütlük 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüş edəcək.

Altmışı yeddi ölkədən idmançıların qatıldığı dünya birinciliyinin açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da “Minsk-Arena”da təşkil olunacaq.

Xəbər 631 dəfə oxundu.