Minskdə dünya çempionatı başlayır: 4 idmançımız üçün şans
Azərbaycanın 18 və 23 yaşadək kayakçı və kanoeçilərdən ibarət milli komandası Belarusun paytaxtı Minskə yollanıb. Dmitri Sablinin baş məşqçi olduğu komanda iyulun 28-də start götürəcək dünya çempionatında iştirak edəcək.

Nüfuzlu reqatada 4 idmançı mübarizə aparacaq. Onlardan 3-ü kanoeçi, 1-i kayakçıdır. Yeniyetmələrin mübarizəsində yalnız Mixail Bıkxalo çıxış edəcək. Bıkxalo 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəni qət edəcək.

23 yaşadək kayakçıların mübarizəsində isə yalnız Tamerlan Mustafayev çıxış edəcək. Bu yaş qrupu üzrə kanoeçilərin yarışına isə Nikita Sablin - Aleksey Kupin dueti qatılacaq. Bu cütlük 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüş edəcək.

Çempionatın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 19:30-da "Minsk-Arena"da təşkil olunacaq.

Qeyd edək ki, dünya çempionatına 67 ölkə qatılıb. Bütün ölkələrin nümayəndə heyətləri Minskin mərkəzindəki "Belarus" otelində yerləşdiriliblər.

Xəbər 557 dəfə oxundu.