Azərbaycan nümayəndə heyəti Rio-de-Janeyroya avqustun 1-də yola düşəcək
Azərbaycanın Olimpiya komandası avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək.

Bu barədə gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir deyib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlanması və dövlət bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq. Komandamız geniş tərkibli heyətlərə daxildir. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq. “London-2012”də də komandamız geniş tərkibli heyətlərə daxil idi. Həmin yarışda Azərbaycanı 53 idmançı təmsil etmişdi. Millimiz Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.

“Zika” virusuna qarşı lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıran nazir deyib: “Bütün bunları nəzərə alaraq, nümayəndə heyəti üçün xüsusi tibb çantaları hazırlanıb. Həmin çantalarda “Zika” virusuna qarşı xüsusi şprislər var. Çantada, digər lazımi tibbi ləvazimatlar da var”.

Son altı ay ərzində idmançılarımızın 12 gündən az olmayaraq, 100 təlim-məşq toplanışında iştirak etdiyini diqqətə çatdıran Azad Rəhimov atletlərimizin həmin dövrdə 94 respublika, 24 yerli beynəlxalq və 102 irimiqyaslı tədbirdə qüvvələrini sınadıqlarını, 300 medal qazandıqlarını deyib. Nazir həmin medallardan 170-nin Olimpiya idman növlərinə aid olduğunu vurğulayıb.

Bildirilib ki, olimpiyaçılarımız ilə yanaşı, paralimpiyaçılarımız da dördilliyin zirvə yarışına ciddi hazırlaşırlar. “Rio-2016” Yay Paralimpiya Oyunları sentyabrın 7-dən 18-dək davam edəcək. Paralimpiyaçılardan da uğurlu nəticələr gözləyirik. Mötəbər yarışa hazırlıqla bağlı paralimpiyaçılarımız üçün lazımi şərait yaradılıb.

“Olimpiya Oyunlarına hazırlıq Konsepsiyası” haqqında məlumat verən Azad Rəhimov sənədin üç istiqaməti əhatə etdiyini diqqətə çatdırıb. Bildirib ki, konsepsiyada əsas, dayaq və zəif inkişaf etmiş idman növləri yer almışdı. Çox sevindirici haldır ki, əsas idman növlərində tam olaraq lisenziyalar qazanılıb. Həmçinin zəif inkişaf etmiş idman növlərinə aid etdiyimiz – triatlon, qılıncoynatma, atıcılıq və digər növlərdə də lisenziyalar qazanılıb. “Rio-2016”da Azərbaycan millisi idmanın 18 növü üzrə təmsil olunacaq. Onlardan dördü üzrə idmançılarımız ilk dəfə mübarizə aparacaqlar.

Sonda “Rio-2016”da mübarizə aparacaq Azərbaycan idmançılarından bəhs edən film nümayiş olunub.

Xəbər 906 dəfə oxundu.