Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının ilk günü maraqlı anlarla yadda qaldı
İyulun 22-də Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə dünya kubokunun finalı start götürüb. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.

Üç gün davam edəcək yarışda Azərbaycanın idman şərəfini ilk Avropa Oyunlarının gümüş medalçısı, Avropa çempionatının bürünc mükafatçısı, “Rio-2016” Olimpiya Oyunlarının iştirakçısı Marina Durunda və Avropa çempionatının gənclər arasında gümüş və bürünc medalçısı Jalə Piriyeva qoruyurlar. Qrup hərəkətləri yarışlarında isə - Avropa çempionatının gümüş medalçıları Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celep mübarizə aparırlar.

Yarışların ilk iki günündə 26 gimnast və 9 qrup hərəkətləri komandası çoxnövçülük üzrə medallar uğrunda mübarizə aparacaq. Kubokun sonuncu günündə isə ayrı-ayrı alətlər üzrə final mərhələləri təşkil olunacaq.

İlk yarış günündə halqa və topla təsnifat yarışları təşkil olunub. İlk səkkiz pillədə qərarlaşan gimnastlar finala yüksəliblər.

Topla yarışda rusiyalı Marqarita Mamun 19.050 xalla birinci olub. Onun komanda yoldaşları Aleksandra Soldatova (19.000 xal) ikinci, Yana Kudryavtseva (18.900 xal) üçüncü yerin sahibidir.

Azərbaycan gimnastı Marina Durunda 18.450 xalla beşinci olub və finala yüksəlib. Digər gimnastımız Jalə Piriyeva 17.200 xalla on üçüncü pillədə qərarlaşıb və finala vəsiqə qazana bilməyib.

Halqa ilə yarışların təsnifat mərhələsində də rusiyalı gimnastlar ilk üçlükdə yer alıblar. Yana Kudryatseva (19.400 xal) birinci, Marqarita Mamun (19.350 xal) ikinci, Aleksandra Soldatova (18.950 xal) üçüncü olublar.

Bu alət üzrə yarışda Jalə Piriyeva 17.550 xalla ehtiyat oyunçu kimi finala yüksəlib. Marina Durunda isə 16.550 xalla iyirmi birinci pillədə qərarlaşıb.

İki hərəkətin cəminə görə, çoxnövçülük yarışlarında Rusiya təmsilçiləri liderdirlər. Hesabında 38.400 xal olan Marqarita Mamun birincidir. Yana Kudryatseva 38.300 xalla ikinci, Aleksandra Soldatova isə 37.950 xalla üçüncüdür. Marina Durunda 35.000 xalla onuncu, Jalə Piriyeva 34.750 xalla on ikinci yerdədir.

Beş lentlə qrup hərəkətləri yarışlarında Azərbaycan komandası 16.500 xalla səkkizinci olub və finala vəsiqə qazanıb. Rusiya millisi 18.800 xalla birinci, İsrail komandası 18.350 xalla ikinci, İtaliya kollektivi isə 18.150 xalla üçüncü olub.

Bu il dünya kubokunun 9 mərhələsi olub. Bakı finalında öncəki mərhələlərdə göstərilmiş ən yaxşı dörd nəticəyə əsasən, birinci yeri tutan gimnastlar və qruplar mükafatlandırılacaqlar.

Xəbər 692 dəfə oxundu.