«Ötən səfər lisenziya şansını son anda əldən verdik»
Qılıncoynadanlarımızı qarşıda ciddi sınaqlar gözləyir. Bu barədə «İdman qəzeti» və idman.com.az saytına milli federasiyamızın 1-ci vitse-prezidenti Yaşar Məmmədov məlumat verib. Onun sözünə görə, cari ilin 4 lisenziya xalı verən yarışının nəticəsinə əsasən, London olimpiadasında iştirak hüqüqü qazanacaq idmançılar müəyyənləşəcək:

«Bu mövsümün ilk vəsiqə xalı verən turniri Fransada idi. İkinci belə sınaq sablyaçılar arasında Londonda, şpaqaçılar arasında Budapeştdə keçiriləcək dünya kubokudur. Sablyaçılarımız sonra, martın 9-10-da Antalyada, martın 18-19-da isə sonuncu lisenziya yarışı olan Moskvada qüvvələrini sınayacaqlar.

Şpaqaçımız San Marino və Barselonada təşkil olunacaq dünya kubokunda da mübarizə aparacaqlar. Bu 4 lisenziya xalı verən yarışların nəticəsinə görə, ballar hesablanacaq və London olimpiadasına gedəcək idmançılar müəyyənləşəcək. Aprelin 24-25-də Slovakiyada olimpiya seçmə turnirində (zona yarışlarında) daha iki sablyaçı London yollanmaq şansı qazanacaq.

Əlbəttə, çalışacağıq ki, olimpiya seçmə turnirinə qədər istəyimizi reallaşdıraq. Ötən səfər Pekin olimpiadasına lisenziya verən sonuncu yarış İstanbulda idi. Həmin yarışda Səbina Mikina olimpiya oyunlarına düşməyə çox yaxın idi. O, son anda rəqibinə 13:15 hesabla məğlub olaraq olimpiadada iştirak edə bilməmişdi».

Leyla QURBANOVA

Xəbər 1503 dəfə oxundu.