Güləş üzrə Avropa çempionatının üçüncü günündə yeniyetmə qızlar yarışırlar
Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

İyulun 21-22-də böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun başçılığı altında Azərbaycanın 7 qadın güləşçisi – Şəhanə Nəzərova (38 kq), Ayşən Yusifova (40 kq), Aynur Camalova (43 kq), Sevinc Əhədova (46 kq), Jalə Əliyeva (49 kq), Alina Zakoeva (52 kq) və Ceyla Nağızadə (56 kq) çempion adı uğrunda yarışacaq.

Üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar arasında qaliblər müəyyənləşir. Azərbaycan güləşçiləri bu gün 4 çəki dərəcəsində mübarizə aparır.

Yarışda 38 kiloqram çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərovanın ilk rəqibi türkiyəli Zehra Demirhan olacaq. Aynur Camalova (43 kq) Rumıniya güləşçisi Stefania-Claudia Priceputu, Jalə Əliyeva (49 kq) Rusiya təmsilçisi Alina Zokoyeva, Ceyla Nağızadə (56 kq) isə ukraynalı Alina Akobia ilə qarşılaşacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı İsveçin paytaxtında beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edir.

Yeniyetmə güləşçilər arasında Avropa çempionatı iyulun 24-də başa çatacaq.

Xəbər 838 dəfə oxundu.