Rusiyalı gimnastlar Bakıya gəliblər
On üç dəfə dünya çempionu və doqquzqat Avropa çempionu Yana Kudryavtseva, yeddiqat dünya çempionu və dördqat Avropa çempionu Marqarita Mamun, ikiqat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova, habelə Rusiyanın qrup komandası bədii gimnastika üzrə Dünya Kubokunun finalında iştirak etmək üçün iyulun 20-də Bakıya gəliblər.

Heydər Əliyev Beynəlxalq Aeroportunda rusiyalı idmançıları bir qrup gənc azərbaycanlı gimnast qarşılayıb.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kubokunun finalı iyulun 22-24-də Bakıda keçiriləcək.

Turnirin ilk iki günündə 26 gimnast və 9 komanda qrup hərəkətlərində çoxnövçülüyün medalları uğrunda yarışacaq. Dünya Kubokunun sonuncu günü ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında əvvəlki mərhələlərdə qazanılan 4 ən yaxşı nəticəyə görə mükafatlı yerləri tutan gimnast və qrupların xüsusi mükafatlandırma mərasimi keçiriləcək.

Xəbər 936 dəfə oxundu.