Gənc taekvondoçularımız Rusiyaya yollandı
Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhəri Avropa birinciliyinə ev sahibliyi edəcək. 23-26 iyul tarixlərində, Avropa Taekvondo Birliyinin və Rusiya Taekvondo Birliyinin rəhbərliyi ilə təşkil edilən 21 yaşlı taelvondoçular arasında keçiriləcək qitə birinciliyində gənclərdən ibarət yığma komandamız da yer alıb.

Gənclərin dünya birinciliyi öncəsi komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov bu yarışda 13 idmançıya şans verəcək. 4-gün davam edəcək yarışda təmsilçilərimizdən -54 kq çəki dərəcəsində Qaşım Maqomedov, Əli İsazədə (-58 kq), Zəlimxan Rəşidov (-63 kq), Əliəsgər Əliyev (-68 kq), Mert Çiçek (-74 kq), Fərkan Məmmədli (-87 kq), Orxan Tağızadə (+87 kq), qızlardan isə Nərgiz Mirzəyeva (-46 kq), Leyla Məmmədova (-49 kq), Diana Hacəliyeva (-53 kq), Gülsüm Gültəkin (-57 kq), Şəms Həsənova (-62 kq), Sevil Zamanova (-67 kq) dayanq üzərinə çıxacaq.

250-dək taekvondoçunun qatılacağı 21 yaşlı gənclərin qitə birinciliyinə 23 iyulda Qroznı şəhər Olimpiya İdman Kompleksində start veriləcək. Bu gün Çeçenistan respublikasına yollanan komandamız iyulun 27-də vətənə dönəcək.

Xəbər 689 dəfə oxundu.