Uşaqlar arasında Vüqar Həşimov Memorialında 130-dan çox şahmatçı mübarizə aparacaq
İyulun 24-də Bakıda Azərbaycanın görkəmli qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr edilən beynəlxalq şahmat turniri başlayır. Vüqar Həşimov yaşasaydı, iyulun 24-də onun 30 yaşı tamam olacaqdı.

“Landmark Rotunda”da keçiriləcək sayca üçüncü memorialda medallar uğrunda 8, 10 və 12 yaş kateqoriyalarında oğlan və qızlar mübarizə aparacaqlar. Turnirin iştirakçıları sırasında şahmat üzrə Avropa və dünya uşaq çempionatlarının mükafatçıları, ölkə çempionları, reytinqi 1600 və ondan yüksək olan şahmatçılar olacaq. Ümumiyyətlə, turnirdə 130-dan çox şahmatçı iştirak edəcək. Yarışda azərbaycanlı şahmatçılarla yanaşı, Belarus, Rusiya, Gürcüstan, İran və digər ölkələrin təmsilçiləri də iştirak edəcəklər.

Turnirin qalibi Vüqar Həşimov kubokunu əldə edəcək, habelə “Baku-open 2016” ənənəvi beynəlxalq turnirə vəsiqə qazanacaq. Gümüş mükafatçı “Naxçıvan-open 2017”də iştirak etmək imkanı qazanacaq. Uşaqlar arasında Vüqar Həşimov Memorialında digər şahmatçılar da nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Turnirin baş hakimi – beynəlxalq dərəcəli arbitr Nurəli Məmmədzadədir.

Keçən il Vüqar Həşimovun xatirəsinə həsr edilən şahmat üzrə uşaq turnirinin qalibi Məhəmməd İsmayılov olub.

Turnir İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Şahmat üzrə uşaqlar arasında Vüqar Həşimov Memorialının qalibi avqustun 1-də müəyyənləşəcək.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda doğulub. Altı yaşı olanda atası Qasım Həşimov ona şahmat oynamağı öyrədib. Vüqar üç dəfə - 1995, 1996 və 1998-ci illərdə Azərbaycan çempionu olub. O, 1996 və 2000-ci illər arasında 4 dəfə Avropa Gənclər Çempionatının gümüş mükafatçısı olub. Vüqar Həşimov şahmat olimpiadalarında dörd dəfə (2002, 2004, 2006, 2008) Azərbaycan komandasında çıxış edib. Habelə 2009-cu il mayın 7-9-da Azərbaycan Prezidenti Heydər Əliyevin kuboku uğrunda yarışlar çərçivəsində Bakıda dünya yığmasına qarşı çıxış edən Azərbaycan yığmasının heyətinə daxil olub. 2007-ci ildə şahmat üzrə Avropa komanda çempionatının bürünc medalını qazanıb, 2009-cu ildə isə Azərbaycan yığmasının tərkibində Avropa çempionu olub (sonuncu turda öz komandasına həlledici xalı məhz Vüqar qazandırıb).

Karyerasının zirvəsində Vüqar Həşimov Beynəlxalq Şahmat Federasiyasının reytinq cədvəlində dördüncü yeri tutub. 2011-ci ilin yanvarında İtaliyada “Reco-Emiliya” ənənəvi beynəlxalq turnirində qalib gəlib. Bu turnir 1958-ci ildən keçirilir.

Müxtəlif klublarda çıxış edən azərbaycanlı şahmatçı Xorvatiya, Türkiyə, Rumıniya, İran, İspaniya və Moldova birinciliklərində qalib gəlib. Bundan başqa, o, sürətli şahmat üzrə dünya çempionatının gümüş mükafatçısı və “Kasparov Kuboku” turnirinin qalibi olub. 2008-ci ilin Dünya Şahmat Olimpiadasında fərdi göstəriciləri əsasında gümüş medala layiq görülüb. Vüqar Həşimov, həmçinin Dünya İntellektual Oyunlarının gümüş və bürünc mükafatçısı olub. O, ümumilikdə 72-dən çox titulun sahibidir.

Xəbər 652 dəfə oxundu.