Sumqayıt Adana Demirsporla qarşılaşacaq
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu bu gün - iyulun 18-də qonşu ölkədə növbəti yoxlama oyununa çıxacaq. Samir Abasovun yetirmələri bu dəfə Türkiyə 1-ci liqa təmsilçisi "Adana Demirspor"la qarşılaşacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da başlayacaq.

Qeyd edək ki, "Adana Demirspor" 2015/2016 mövsümünü PTT 1-ci liqada 4-cü pillədə tamamlayaraq Super Liqaya yüksəlmək uğrunda pley-off mərhələsinə vəsiqə qazanıb. Adana təmsilçisi bu mərhələdə iki oyunun nəticəsinə görə "Elazığspor"dan üstün olub finala yüksəlsə də, həlledici görüşdə penaltilər sonrası "Alanyaspor"a məğlub olmaqla Super Liqaya yüksəlmək şansını itirib. Daha bir maraqlı fakt isə ondadır ki, "Adana Demirspor"un hücumçusu Mikael Pote 2015/2016 mövsümündə 23 qol vurmaqla 1-ci liqanın bombardiri olub.

Xatırladaq ki, "Sumqayıt" Boludakı ilk yoxlama matçında Səudiyyə Ərəbistanı təmsilçisi "Al Khaleej"ə 1:3 hesabı ilə məğlub olmuşdu.

Xəbər 839 dəfə oxundu.