Qara Qarayev: Bu, bizə mənfi təsir edə bilər
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Lüksemburq "Düedelanj"ına qarşı keçirdikləri ilk oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz?
- Nəticəyə baxsaq, çoxları düşünə bilər ki, asanlıqla qalib gəldik. Amma özünüz də gördünüz ki, rəqib ikinci hissədə qapandı. Bu üzdən qol vəziyyəti yarada bilmədik. Bu da cavab matçının daha çətn keçəcəyindən xəbər verir. "Düdelanj" evdə daha sərt oynayacaq. Növbəti oyuna da tam hazırlıqlı yollanmalıyıq.

- "Qarabağ"ın artıq növbəti mərhələyə vəsiqəni təmin etdiyini söyləmək olar?
- Həm azarkeşlər, jurnalistlər, həm də komanda bu cür arxayınlığa yol verməməlidir. Artıq mərhələni keçdiyimizi düşünmək lazım deyil. Belə fikirlər bizə mənfi təsir edə bilər. Ev oyununda üstünlük qazansaq da, səfərdəki oyunun daha çətin keçəcəyini də nəzərə almaq lazımdır.

- İkinci hissədə rəqib çox sərt oynayırdı. Siz buna görə onlara iradınızı bilrdiniz?
- "Düdelanj"ın oyun stilinin belə sərt olduğunu bilirdik. Onlar rəqibə oynamağa imkan vermirlər. Hətta kobud oyuna da üstünlük verirlər. Bu üzdən də onların aqressiyasına cavab verməməyə, sarı vərəqə almamağa çalışırdıq.

- Amma "Qarabağ"ın üç futbolçusu sarı vərəqə aldı...
- Mən əks-hücum zamanı sarı vərəqə aldım. Mənə elə gəlir ki, səhv etmədim. Növbəti dəfə daha diqqətli oynamağa çalışmalıyıq. Tez-tez sarı vərəqə almaq olmaz.

- "Qarabağ"ın yeni transferə ehtiyacı var?
- Futbolçu kimi mənim bu barədə danışmağım düz deyil. Baş məşqçi də dəfələrlə deib ki, transfer xatirinə oyunçu almaq istəmirik. Amma yaxşı futbolçu tapsalar, alınması mümkündür.

- "Qarabağ"ın əsas hədəfi ÇL-in qrupunda oynamaqdır. Sərgilədiyiniz oyun qane etdi?
- Bu oyunda yox. Amma səhvləri aradan qaldırsaq, komandamız ÇL-in qrupunda oynaya bilər.

Xəbər 737 dəfə oxundu.