Yaşar Məmmədov: «Növbəti yarışlarda da uğurla çıxış edəcəyimizə inanıram»
Fevralın 21-dən 25-nə qədər Londonda sablyaçılar arasında dünya kuboku keçiriləcək. İdman.com.az saytının məlumatına görə, lisenziya xalı verən yarışda Azərbaycan millisi də iştirak edəcək. Həmin vaxt Budapeştdə təşkil olunacaq eyni yarışda şpaqaçımız Yuliya Nelyubova qüvvəsini sınayacaq. Qılıncoynatma Federasiyasının 1-ci vitse-prezidenti Yaşar Məmmədovun sözünə görə, son yarışlara komandamız ciddi hazırlaşıb:

«Fevralın 10-dan 12-nə qədər Fransanın Orlean şəhərində keçirilmiş sablyaçılar arasında dünya kubokunun mərhələsində Sabina Mikina və Aida Ələsgərova hərəyə 3 lisenziya xalı qazanıblar. Həmin vaxt idmançılarımız Orleanda daha bir yarışda, komandalararası Avropa kubokunda mübarizə apardılar. Qitə kubokunda «Neftçi» cəmiyyətinin sablyaçılarından ibarət komandası gümüş medal qazandı. Komandamız əslində qızıl medala çox yaxın idi. Düzdür, biz əvvəlki klublararası yarışlarda həmişə sonuncu olmuşduq. Amma burada qızıl medal qazanmaq şansları çox idi və komandamız bundan istifadə edə bilərdi.

Budəfəki və ondan əvvəlki yarışlar artıq qılıncoynadanlarımızın öz ustalıqlarını xeyli artırdıqlarını göstərir. London olimpiadasına lisenziya xalı verən növbəti yarışlarda da uğurla çıxış edəcəyimizə inanıram».
Xatırladaq ki, lider sablyaçımız Səbina Mikina hazırda dünya reytinqində 365 sablyaçı arasında 24-cüdür. Aida Ələsgərova isə 56-cı pillədə qərarlaşıb. Şpaqaçımız Yuliya Nelyubova 760 idmançı arasında 122-ci yeri tutur.

Leyla QURBANOVA


Xəbər 2288 dəfə oxundu.