Taekvondo millimiz Lüksemburqa yollandı
Böyüklərdən ibarət yığma komandamızın üzvləri, növbəti yarışa qatılmaq məqsədi ilə bu gün Lüksemburqun paytaxtına yollanıb. Təlim-məşqlərin ardından Avropaya yola düşən komandamız 9-10 iyul tarixlərində təşkil edilən “Luxemburg Open”ə qatılacaq.

G1 kateqoriyalı turnir, həm reytiq xalları, həm də Rio Yay Olimpiya Oyunları öncəsi taekvondoçular üçün önəmli əhəmiyyət kəsb edir. Kişilərdən ibarət millinin baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanov bu yarışda tam heyətə üstünlük verib. Belə ki, -54 kq çəki dərəcəsində Məcid Soyiyev, Mikayıl Əliyev (-58 kq), Məhəmməd Məmmədov (-63 kq), Sina Bahrami və Ayxan Tağızadə (-hər ikisi -68 lq), Səid Quliyev (-74 kq), Milad Beigi Hərçəqani (-80 kq), Ramin Əzizov, Payam Qobadi Oğaz (-87 kq), Radik İsaevə (+87 kq) şans verəcək. Qadınlardan isə yalnız Fəridə Əziziova (-67 kq) mükafatlar uğrunda mübarizə aparacaq. Əzizovanın şəxsi məşqçisi Səbuhi Zülfüqarov və Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdə Lüksemburqa yollanıb. Millimiz 12 iyul tarixində vətənə dönərək qarşıdan gələn Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirəcək.

Xəbər 672 dəfə oxundu.