Azərbaycan millisinin “Rio-2016”ya hazırlığı plana uyğun olaraq davam edir
Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarına az müddət qalıb. Milli komandamızın mötəbər yarışa hazırlığı plana uyğun olaraq davam edir.

Bu sözləri iyunun 30-da Milli Olimpiya Komitəsində (MOK) təşkil olunan tədbirdə qurumun vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qəbul etdiyi son dəyişiklər barədə məlumat verən Çingiz Hüseynzadə deyib: “Beynəlxalq qurumun iş fəaliyyətində baş verən yeniliklər Milli Olimpiya komitələrindən yan keçə bilməzdi. BOK-un qəbul etdiyi “Olimpiya gündəliyi-2020” proqramına əsasən, brendlərdən istifadə qaydalarına xüsusi diqqət yetirilib. Bunun üçün Milli Olimpiya komitələrində marketinq departamentinin yaradılması məqsədəuyğun sayılıb. Azərbaycan Milli Olimpiya Komitəsində də həmin departament artıq fəaliyyətə başlayıb. Beynəlxalq qurum brenddən istifadə qaydalarının bir qismini yerli komitələrə həvalə edib”.

Çingiz Hüseynzadə bildirib ki, proqramda yer alan əsas məqamlardan biri də “təmiz idman”dır. Buna əsasən, Olimpiya Oyunlarında dopinqdən istifadə etməyən idmançıların iştirakı bir daha önə çəkilir. Rusiya atletika yığması dopinqə düşdüyü üçün “Rio-2016”dan uzaqlaşdırılıb. Təəssüf ki, dopinq problemi Azərbaycan yığmasından da yan keçməyib. Ağır atletlərimiz “Rio-2016”da iştirak hüququndan məhrum edilib.

“Olimpiya gündəliyi-2020”də yer alan əsas mövzulardan birinin də “İdman və ekologiya” olduğunu diqqətə çatdıran vitse-prezident bu istiqamətdə ölkəmizdə görülən işləri yüksək qiymətləndirib. MOK-un rəsmisi deyib: “Bu istiqamətdə görülən ən uğurlu addım Bakı Olimpiya Stadionunun inşasıdır. Əvvəllər həmin ərazi ekoloji cəhətdən yararsız vəziyyətdə idi. Ancaq indi azarkeşlər oraya rahatlıqla gəlib istirahət edə bilirlər. “London-2012”də də Olimpiya parkı yararsız ərazidə salınmışdı. Hazırda həmin məkan turistlərin ən çox sevdiyi məkanlardan biridir”.

Proqramda gender probleminə də xüsusi diqqət yetirildiyini vurğulayan Çingiz Hüseynzadə bildirib ki, ölkəmizdə bu istiqamətdə mühüm irəliləyişlər var. Azərbaycanda bəzi idman federasiyalarına qadınlar rəhbərlik edirlər. Həmçinin qadınlar idman qurumlarında yüksək vəzifələrdə yer alıblar. MOK-un İcraiyyə Komitəsinin üzvlərindən dördü qadındır. Bizim tərəfdən federasiyalar həmişə qadınların rəhbər işlərə cəlb olunması tövsiyə olunur.

XXXI Yay Olimpiya Oyunlarının Azərbaycan üzrə şef-de-missionu İlham Mədətov “Rio-2016”ya hazırlığa 2015-ci ilin yanvarından start verildiyini və heyətin 95 faizinin artıq qeydiyyatdan keçdiyini vurğulayıb. İ.Mədətov deyib: “Olimpiyaçılarımız üçün geyim dəsti İtaliya şirkəti tərəfindən hazırlanır və yaxın günlərdə ölkəmizə gətiriləcək. “Zika” virusu ilə bağlı heç bir problemimiz olmayacaq. Geyim dəstində əsasən uzunqol geyimlərin hazırlanması nəzərdə tutulub. Həmçinin idmançılara Braziliyada olarkən qapalı geyinmək məsləhət görülür. İdmançılara xüsusi preparatlar da təqdim olunacaq ki, bu da virusa yoluxma riskini azaldacaq”.

Nümayəndə heyətinin avqustun 1-də bir qrup idmançı ilə birgə Braziliyaya yollanacağını bildirən İ.Mədətov atletlərimizin yarış proqramına uyğun olaraq, Rio-de-Janeyroya gələcəyini vurğulayıb.

Sonra jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 903 dəfə oxundu.