Bu gün “Qəbələ” və “Neftçi” UEFA Avropa Liqasında ilk görüşünü keçirəcək
Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin növbəti görüşləri oynanılacaq.

“Qəbələ” və “Neftçi” klublarının avrokuboklarda bu mövsüm ilk görüşlərinə çıxdığı I təsnifat mərhələsinin ikinci oyun günündə 44 qarşılaşma keçiriləcək. “Qəbələ” təmsilçisi paytaxtda, “Neftçi” isə səfərdə mübarizəyə qoşulacaq. “Qəbələ” Gürcüstanın “Samtredia” komandasını qəbul edəcək. Tarixində üçüncü dəfə Avropa Liqasında iştirak hüququ qazanan və ötən mövsüm dörd mərhələ adlayaraq, qrupa qədər irəliləyən Roman Qriqorçukun rəhbərlik etdiyi komanda bu uğuru davam etdirməyə çalışacaq. İki oyunun nəticəsinə əsasən II təsnifat mərhələsinə yüksələn komanda “Aktobe” (Qazaxıstan) - MTK (Macarıstan, Budapeşt) cütünün qalibi ilə üz-üzə gələcək.

Roman Qriqorçukun komandası mövsümlərarası fasilədə heyətində ciddi dəyişikliklər edib və cütün favoriti sayılır. Gürcüstan çempionatının gümüş mükafatçısı olan “Samtredia” 20 ildən sonra avrokubokda iştirak edir. Avropa Liqasında 17-ci matçına çıxacaq “Qəbələ” doğma azarkeşləri önündə dördüncü qələbəsini qazanmağa çalışacaq. Bununla, təmsilçimiz həm də səkkiz oyunluq qalibiyyətsizlik seriyasına son qoymaq niyyətindədir. Görüş 8-ci kilometr stadionunda Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

“Neftçi” klubu I təsnifat mərhələsi çərçivəsində Maltanın “Baltsan” klubu ilə münasibətlərə aydınlıq gətirəcək. Tarixində 16-cı dəfə avrokubokda mübarizəyə qoşulacaq “Neftçi”nin rəqibinin Malta təmsilçisi olması paytaxt klubunun mərhələ keçməsi üçün üstünlük yaradır. Bununla belə, komandalar arasında təcrübə baxımından böyük fərq var. Qələbə və qollu heç-heçə də Vəli Qasımovun yetirmələri üçün yaxşı nəticə sayılar. “Hibernians” stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək. Cütün qalibi “Şkendiya” (Makedoniya) və “Krakoviya” (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək.

Xəbər 682 dəfə oxundu.