Roman Qriqorçuk: “Yaxşı futbol göstərib, nəticə qazanacağımıza inanıram”
İyunun 30-da UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşacaq. Bu gün “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:

“Qısa müddətdə qarşılaşmaya mümkün qədər yaxşı hazırlaşmışıq. Gürcüstanda baş tutan təlim-məşq toplanışı əla keçdi. Heyətdə dəyişikliklər olduğundan nə dərəcədə güclü olduğumuzu deyə bilmərəm. Özüm üçün də sabah necə oynayacağımız maraqlıdır. Amma onu deyə bilərəm ki, yeni futbolçulardan, onların meydandakı bacarığından razıyam. Onların məşq və yoxlama oyunlarında göstərdikləri tələblərimizə və üslubumuza uyğundur. Bunun sabahkı matçda da belə olacağına ümid edirəm. Start heyəti ilə bağlı çox variantımız yoxdur. Bizə klubun gənc yetirmələri qoşulub. Onlara inanırıq. Amma sabahkı oyuna hamısı hazır deyil. Ümumilikdə isə komandaya gec qoşulan bəzi oyunçular istisna olmaqla, yetirmələrim matça hazırdır. Yaxşı futbol göstərib, lazım olan nəticəni qazanacağımıza inanıram. Hücum xətti əsasən yeni oyunçulardır. Bu futbolçuları seçib götürmüşük və onlara güvənirik. Onlar komandanın oyun üslubunu yaxşı başa düşür və bunu sabah meydanda da göstərməlidir”.
Baş məşqçi rəqib haqda fikirlərini açıqlayıb və uğur qazanmaq üçün hücum xəttinin oyununun vacibliyini qeyd edib: “Rəqibi yaxşı təhlil etmişik. “Samtredia” çox yaxşı komandadır. Fərdi ustalığa malik oyunçular inamlı çıxış edir və komandada uyğunlaşma yüksək səviyyədədir. Bu bizim üçün çətinlik yaradacaq. Çünki kombinasiyalı futbol nümayiş etdirən komandaya qarşı oynamaq çətindir. Düşünürəm ki, bunun öhdəsindən gələ bilərik. Yaxşı nəticə qazanmaq üçün isə özümüz hücumda yaxşı oynamalıyıq. Matçın taleyi də bizim ön xətdəki oyunumuzdan asılı olacaq”.
Ukraynalı mütəxəssis cütün favoriti olmadığını da bildirib: “Bu cütdə favorit görmürəm. İki bərabərsəviyyəli komanda üz-üzə gələcək. Bu üzdən də şanslar da bərabərdir. Biz qələbəmizə inanırıq və bunun üçün əlimizdən gələni edəcəyik. Əsas matça düzgün hazırlıqlı olmaqdır. Hər hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Əminəm ki, hər futbolçumuz qələbəyə inanır. Eyni səviyyəli rəqiblərin mübarizəsində matça daha yaxşı hazırlaşan komanda qələbə qazanacaq.

Xəbər 706 dəfə oxundu.