Şahin Diniyev: “Kəpəz” – “Daçiya” duelinin taleyi cavab oyununda həll olunacaq
Bu il klublarımız arasında qitə miqyaslı turnirlərdə mübarizəyə ilk başlayan komanda “Kəpəz”dir. Çalışacağıq ki, mübarizəyə uğurlu nəticə ilə başlayaq.

Bu sözləri Gəncə klubunun baş məşqçisi Şahin Diniyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Kəpəz” - “Daçiya” (Moldova) oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Şahin Diniyev bildirib: “Bilirik ki, oyun çətin keçəcək. Tam ideal olmasaq da, pis formada da deyilik. Futbolçularımız səylə çalışırlar. Ərzurumdakı toplanış bu baxımdan çox səmərəli oldu. Fiziki durumumuz yaxşıdır, sadəcə, çatışmayan iki şey var. Bunlardan biri oyun təcrübəsinin azlığı, digəri yüksəklikdən gəlib buradakı iqlimə, şəraitə uyğunlaşmaqdır. Adaptasiya üçün orqanizmə vaxt lazımdır. Sonuncu məşqdə gördüm ki, futbolçular ikinci problemin öhdəsindən artıq gəliblər. “Kəpəz”in necə oynayacağı hamı üçün maraqlıdır. “Daçiya” qarşısına qrup mərhələsinə düşmək tapşırığı qoyub. Biz azarkeşlərimizi məmnun etməyə çalışacağıq. Amma arxayın olmaq da lazım deyil. Futbolçularımıza inanıram. Cütün taleyi Bakıda deyil, təkrar görüşdə həll olunacaq”.

Komandanın kapitanı Tural Axundov da oyunla bağlı fikirlərini bölüşərkən deyib: “Futbolçularımızın hamısı məsuliyyəti dərk edir. Qələbə qazanıb cavab oyununu gözləməliyik. Təkrar matçda da sərfəli nəticə qazanmalıyıq. Azarkeşlərimizi sevindirmək əsas vəzifəmizdir”, - deyə T. Axundov bildirib.

Qeyd edək ki, “Kəpəz” – “Daçiya” görüşü iyunun 28-də saat 20:00-da “Dalğa Arena”da start götürəcək.

Xəbər 596 dəfə oxundu.