Gənc sərbəst güləşçilərimiz Avropa çempionatında üçüncü yeri tutublar
Buxarestdə keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatı başa çatıb. Çempionatın son iki günündə sərbəst güləş üzrə yarışlar keçirilib.

Yığma komandamızın üzvləri çempionatda 2 qızıl və 4 bürünc medal qazanıblar. Qızıl medallara Murad Süleymanov (74 kq) və Hacımurad Məhəmmədsəidov (84 kq) sahib olublar. Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) isə bürünc medallara yiyələniblər.

Bu nəticə ilə Azərbaycan yığması çempionatı komanda hesabında 55 xalla üçüncü pillədə tamamlayıb. Rusiya 78 xalla birinci, 64 xal toplayan Gürcüstan isə ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, ötənilki yarışda sərbəst güləşçilərimiz 1 qızıl və 3 bürünc medal qazanmışdılar.

Xəbər 921 dəfə oxundu.