İtaliya portalı Bakıda keçirilmiş Formula-1 yarışından yazır
İtaliyanın “Dazebaonews” analitik-informasiya portalında jurnalist Marko İakonettinin “Bakı, Formula–1-in sonuncu həddi. Çətinlik aşılmışdır” adlı məqaləsi yayılıb.

Müəllif Bakıda Formula–1 Avropa Qran-pri yarışının keçirilməsini və SOCAR-ın futbol üzrə Avropa çempionatına sponsorluq etməsini ölkəmizin dünyada tanıdılması baxımından mühüm hadisələr kimi dəyərləndirir və bunların “Azərbaycan effekti” ifadəsinin yaranmasına səbəb olduğunu qeyd edir. Məqalədə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik, Qafqaz və Mərkəzi Asiya bölgəsinin iqtisadiyyatı və turizmi üçün cazibə mərkəzi olduğu bildirilir.

Yarışın yüksək səviyyədə təşkil edildiyini vurğulayan M.İakonetti “Formula One Management”in prezidenti Berni Ekklstounun fikirlərindən sitat gətirərək yazır: “Formula-1-i keçirən hər bir ölkənin Azərbaycan kimi çalışması çox yaxşı olardı, Bakı inanılmaz iş gördü”.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yarışla bağlı fikirlərinə də yer verilir. Bildirilir ki, Azərbaycan paytaxtının gözəlliyi və ölkənin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında Formula-1 yarışı əhəmiyyətlidir. Son dövrlərdə turistlərin sayında artım müşahidə edildiyi və Azərbaycana daha çox turistin gəlməsi üçün bu yarışın yaxşı imkan yaratdığı diqqətə çatdırılır.

Yazıda qeyd olunur ki, Azərbaycan artıq “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları kimi tədbirlər təşkil edib. Bu il Şahmat üzrə Olimpiada, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyunu da Azərbaycanda keçiriləcək. Ən böyük məqsəd isə 2028-ci ildə Yay Olimpiadasına ev sahiblik etmək ola bilər ki, bütün bunlarla da dünya “Azərbaycan effekti” barədə danışmaqda davam edəcək.

Müəllif Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgəyaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyini vurğulayır.

Xəbər 694 dəfə oxundu.