Zirədə yeni təyinatlar və yeni futbolçu
“Zirə” PFK rəhbərliyi klubun inkişaf etdirilməsi və istedadlı yenitetmə və gənclərin perspektivinin açılması baxımından vacib qərarlar qəbul edib. Ən yaxın ehtiyat qüvvə hesab edilən U-19 komandasının və əvəzedici heyətin inkişaf etdirilməsi, əsas komanda ilə eyni sistemdə çalışması üçün bu 3 komanda vahid xətt üzrə hərəkət edəcək.

Bu məqsədlə klubda bəzi məşqçi dəyişikliyi edilib. Əsas komandanın məşqçiləri Ayxan Abbasov və Elnur Codarov müvafiq olaraq, əvəzedici heyət və U-19 komandasına baş məşqçi təyin olunub. Kamen Vasilyev əvəzedici komandanın məşqçisi kimi işini davam etdirəcək. Zaur Həşimov isə əsas komandada məşqçi vəzifəsinə təyin olunub. Bu dəyişikliklərdən sonra U-19, əvəzedici heyət və əsas komanda baş məşqçi Adil Şükürovun rəhbərliyi ilə, ötən il onunla bərabər çalışmış məşqçilər tərəfindən hazırlaşacaqlar. Birgə fəaliyyətdə Elnur Codarovun əvəzedici heyətə, Ayxan Abbasovun da əsas komandaya yaxın olması, məşqlərdə iştirakı nəzərdə tutulub. Hər üç məşqçi Adil Şükürovun rəhbərliyi altında bu komandalarda bərabər çalışacaq.

Bu gün bununla bağlı keçirilən mətbuat konfransında jurnalistlərin diqqətinə başqa yeniliklər də çatdırılıb. Belə ki, yeni mövsümdən “qartallar”a Elvin Məmmədov kapitanlıq edəcək.

Mətbuat konfransından sonra isə komandanın mətbuat üçün açıq məşqi baş tutdu. Məşqdən öncə “qartallar”ın yeni üzvü Milan Duriç jurnalistlərə təqdim olundu. Serbiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Futbolçu ötən mövsüm Xorvatiyanın “İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi “Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində “Pekar” və Makedoniyada “Metallurq”un formasını geyinib.

Xəbər 772 dəfə oxundu.