Şahmatçılar ilk hazırlıq mərhələsindən danışıblar
Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına hazırlaşan kişi şahmatçılardan ibarət Azərbaycan millisinin ikinci komandası ilk təlim-məşq toplanışını başa vurub.

Toplanışa 6 şahmatçı – beynəlxalq qrossmeysterlər Qədir Hüseynov, Vasif Durarbəyli, Namiq Quliyev, Nicat Abbasov, Vüqar Rəsulov və Ülvi Bacarani cəlb olunub.

Hazırlıq barədə fikirlərini bildirən Qədir Hüseynov deyib: “Hazırlığın nəticələrindən razı qaldım. Sözsüz ki, ilk təlim-məşq toplanışından sonra konkret fikir bildirmək çətindir. Olimpiada hər bir şahmatçı üçün çox vacibdir və ona tam hazır olmaq üçün təlim-məşq toplanışlarının rolu böyükdür. Komandada mehriban ab-hava var. Şahmatçılar bir-birini yaxşı başa düşürlər. Mötəbər yarışda layiqincə iştirak etmək üçün əlimizdən gələni edəcəyik”.

Emil Sutovskinin rəhbərliyi ilə mötəbər yarışa hazırlaşmaqdan məmnunluqlarını vurğulayan Vasif Durarbəyli bildirib: “Biz Sutovskini çoxdan tanıyırıq. Komandanın üzvləri arasında mehriban münasibət var. Bakı Şahmat Olimpiadasında ikinci komandanın da diqqət mərkəzində olacağını bilirik. Hazırlıq üçün yüksək şərait yaradılıb. Mötəbər yarışda mümkün qədər yaxşı çıxış etməyə çalışacağıq”.

Namiq Quliyev isə əsasən açılışlar üzərində çalışdıqlarını qeyd edərək deyib: “Kompyuter vasitəsilə müxtəlif gedişlərlə bağlı müzakirələr apardıq. Uğur qazanmaq üçün üzərimizdə işləməliyik. Bakı Şahmat Olimpiadasına kifayət qədər vaxt var. Bizə yaradılan şərait yüksək səviyyədədir. Bakı Şahmat Olimpiadası hər birimizin karyerasında mühüm yer tutacaq. Yaxşı nəticələrlə hamını sevindirmək istərdik”.

Nicat Abbasov da hazırlığın yüksək səviyyədə təşkilindən məmnunluğunu vurğulayıb: “İlk hazırlıq paytaxt Bakıda oldu. Emil Sutovski ilə əvvəllər də işləmişik. “Odlar Yurdu” komandasında Sutovskinin rəhbərliyi altında Avropa Kubokunda mübarizə aparmışıq. Onunla çalışmaq həm maraqlıdır, həm də xeyirli. Çünki o, hər birimizin zəif və üstün cəhətlərini bilir. Əsas məqsədimiz ilk onluğa düşməkdən ibarət olacaq”.

Bakı Şahmat Olimpiadasında güclü rəqabət olacağını deyən Vüqar Rəsulov qeyd edib: “Hər komanda uğur qazanmaq üçün çıxış edəcək. Ölkəmizin ikinci komandası üçün Olimpiada sınaq sayılacaq. Hər birimiz daha yaxşı oynamaqla iddiamızı nümayiş etdirə bilərik. Komanda üzvləri ilə yaxşı münasibətimiz var. Olimpiadanın yadda qalan komandalarından biri olmağa çalışacağıq”.

Ülvi Bacarani isə mötəbər yarış barədə təəssüratlarını bildirərkən qeyd edib: “Bakı Şahmat Olimpiadasında iştirak etmək hər birimiz üçün çox vacibdir. Doğma paytaxtımızda keçirilən yarışda layiqli çıxış etmək başlıca məqsəd sayılır”.

Qeyd edək ki, paytaxtdakı ilk hazırlıq İsrail qrossmeysteri, Avropa çempionu Emil Sutovskinin rəhbərliyi ilə keçirilib.

Xəbər 824 dəfə oxundu.