Azərbaycan boksçuları lisenziya xarakterli təsnifat turnirində uğurla çıxış edirlər
İyunun 21-də Bakıda keçirilən “Rio-2016” boks üzrə lisenziya xarakterli dünya təsnifat turnirinin altıncı günü də Azərbaycan boksçuları üçün uğurlu olub.

Yarışın səkkizdəbir və dörddəbir final mərhələsində mübarizə aparan Azərbaycan millisinin üç üzvü bu gün növbəti döyüşlərinə çıxıblar.

Günün ilk qələbəsini Teymur Məmmədov qazanıb. 81 kiloqram çəki dərəcəsində Gürcüstan idmançısı Laqo Kiziriya ilə qarşılaşan boksçumuz üç raunddan ibarət görüşün ilk və həlledici hissələrində rəqibindən güclü olub. Məmmədov dörddəbirdə də eyni uğuru təkrarlasa, Rioya lisenziyanı təmin edəcək.

Axşam proqramında isə daha iki atletimiz - Rüfət Hüseynov və Kamran Şahsuvarlı mübarizəyə qoşulublar.

Yarışın startında Po-Vey Tunu (Çin Taypeyi) 3:0 hesabı ilə məğlub edən Rüfət Hüseynov (49 kq) dörddəbir finalda mərakeşlı Zuhir əl-Bekkali ilə qarşılaşıb. Boksçumuz hər üç raundda rəqibini üstələyib (3:0) və yarımfinala yüksəlib.

Eyni gündə rinqə çıxan Kamran Şahsuvarlı (75 kq) isə dörddəbir finala vəsiqə uğrunda venesuelalı Xose Qonsales Mendeslə üz-üzə gəlib. İdmançımız rəqibini məğlub edərək növbəti mərhələyə yüksəlib. Kamran turnirin ilk qarşılaşmasında Aryon Kaloşini (Albaniya) mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 39 lisenziya uğrunda 105 ölkədən 469 kişi idmançının mübarizə apardığı dünya təsnifat turniri “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilir. Turnirdə 75 və 81 kiloqram çəkilərdə Olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. 49 kiloqram çəki dərəcəsində isə Rio-de-Janeyroya finalçılar yollana biləcəklər. Azərbaycanın hər üç boksçusu lisenziya qazana bilsə, kişilərdən ibarət milli komanda olimpiadaya tam heyətlə qatılacaq.

Xəbər 880 dəfə oxundu.