Güləşçilərimiz Avropa çempionatını uğurla başladılar
Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb. Çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurublar. 50 kq çəkidə yarışan Azər Nəsibli mübarizəyə 1/4 final mərhələsindən qoşulub. İlk olaraq macar rəqibini tam üstünlüklə məğlub edən güləşçimiz yarımfinalda Belarus təmsilçisi ilə görüşdən də qalib ayrılıb. Finala yüksələn Azərin son görüşdə rəqibi Gürcüstan idmançısı olub. Gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Azər Nəsibli çempionatın gümüş medalına sahib olub. 60 kq çəkidə mübarizə aparan Mikayıl Rəhmanov isə ilk olaraq Almaniya təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşü minimal üstünlüklə qalib tamamlayan pəhləvanımız ardınca Rumıniya təmsilçisini də mübarizədən kənarlaşdırıb. Yarımfinalda Bolqarıstan idmançısına qalib gələn Mikayıl finala yüksəlib. Həlledici görüşdə pəhləvanımız Gürcüstan təmsilçisinə vaxtından əvvəl qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb.

AZƏRTAC

Xəbər 620 dəfə oxundu.